Azərbaycanın “Minaların mədəni irsə təsiri” adlı qətnamə layihəsi UNESCO-da qəbul edilib

Azərbaycanın “Minaların mədəni irsə təsiri” adlı qətnamə layihəsi UNESCO-da qəbul edilib
# 12 dekabr 2023 12:41 (UTC +04:00)

Cari ilin 11 dekabr tarixində UNESCO mənzil qərargahında Silahlı münaqişə zamanı mədəni mülkiyyətin qorunması üzrə 1954-cü il Haaqa Konvensiyasına Tərəf Ölkələrin 15-ci görüşü keçirilib.

XİN-dən APA-ya verilən xəbərə görə, görüşün gündəliyinə Azərbaycan tərəfindən daxil edilmiş “Minaların mədəni irsə təsiri” mövzusunda qətnamə layihəsi Konvensiyaya 135 Tərəf Ölkənin yekdil qərarı ilə qəbul edilib.

Qətnamədə, silahlı münaqişələr və postmünaqişə dövrlərində mədəni mülkiyyətin (mədəni irsin) qorunması və mühafizəsi məqsədilə Üzv Dövlətlərin göstərdiyi səylər təqdir edilir, minaların və digər partlayıcı qurğuların beynəlxalq humanitar hüquqa zidd olaraq istifadənin mədəni mülkiyyətə əhəmiyyətli dərəcədə ziyan vura biləcəyi qeyd olunur.

Qətnamədə minalar və digər partlayıcı qurğuların istifadəsinin mədəni mülkiyyətə qarşı ciddi təhlükə yaratması ilə bağlı narahatlıq ifadə olunur.

Qətnamədə 1954-cü il Haaqa Konvensiyasını pozan addımlarının atılmasının qarşısının alınmasının əhəmiyyəti vurğulanıb.

Qeyd etmək istərdik ki, minaların mədəni irsə təsiri mövzusu UNESCO tarixində müzakirəyə çıxarılan və yekdilliklə qəbul edilən ilk qətnamədir. Bununla yanaşı eyni məzmunlu bənd sözügedən konvensiyanın tarixində ilk dəfə olaraq Azərbaycan tərəfindən gündəliyə daxil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR