Bəhruz Məhərrəmov: Rusiyada ayrı-ayrı dairələrin Qarabağda Dnestryanı, Donbas kimi ssenariləri iflasa uğrayıb

Bəhruz Məhərrəmov, Milli Məclisin deputatı

© APA | Bəhruz Məhərrəmov, Milli Məclisin deputatı

# 21 avqust 2023 14:00 (UTC +04:00)

“Laçın” sərhəd-buraxılış məntəqəsi Azərbaycanın suveren hüququ kimi qurulub və həm beynəlxalq, həm də dövlətdaxili normalara əsaslanaraq regionda sülh və təhlükəsizliyə xidmət edir.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.

Deputat deyib ki, bu məntəqə təsis olunduğu 120 gün ərzində cəmi 2 dəfə, hər biri isə iki gün istisna olmaqla, hər zaman Qarabağın erməni sakinləri üçün dinc məqsədlərlə açıq olub. Həmin istisnalara gəlincə, məntəqə ərazisində, Həkəri çayı üzərindəki körpüdə Ermənistanın silahlı təxribatının nəticələri və Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) qaçaqmalçı fəaliyyəti araşdırılarkən buraxılış məntəqəsi bağlanıb, müvafiq prosedurlardan sonra yenidən açılıb: “Bütün müddət ərzində erməni əsilli şəxslərin sərbəst keçidi sivil qaydada on dəfələrlə təmin edilib və istər Rusiya sülhməramlıları, istər BQXK rəsmiləri bu prosesə şahidlik edib. Azərbaycan tərəfdə isə hər bir keçid audiovizual qaydada sənədləşdirilib. Lakin Ermənistan Baş nazirinin, ayrı-ayrı siyasətçilərin, habelə regiona aidiyyəti olmayan Fransa kimi təxribatçı subyektlərin ermənilərin blokadada qalması barədə çağırışları fonunda nə BQXK, nə də Rusiya tərəfi məntəqənin açıq olması barədə bir kəlmə də olsa danışmayıblar. Bu, əslində qəbuledilməz qərəzdir və həm sülhməramlıların, həm də BQXK-nın məqsədləri barədə ciddi şübhələr yaradır. Ötən gün "Laçın" sərhəd-buraxılış məntəqəsindən ümumilikdə 60 şəxsin Azərbaycandan Ermənistana keçməsi və onların əksəriyyətinin Rusiya vətəndaşlığını qəbul etmiş, Rusiya pasportu daşıyan insanlar olması, üstəlik onların, demək olar ki, hamısının separatizmi alovlandırmağa çalışan, ona dəstək verən şəxslər olması bu şübhələri daha da dərinləşdirir. Görünən odur ki, Rusiyada ayrı-ayrı dairələrin Qarabağda Dnestryanı, Donbas kimi ssenariləri iflasa uğrayıb. Azərbaycan tərəfin qətiyyətli davranışı ilə həm Rusiya pasportlu separatçılar, həm onların da arxalarında duranlar anlayıblar ki, bura onların at oynada biləcəyi dövlət deyil. Qeyd edilən qəbildən olan insanların Qarabağdan qaçması da məhz bu səbəbdən intensivləşib”.

Bəhruz Məhərrəmov qeyd edib ki, Azərbaycanın ermənilərin Qarabağdan köçürülməsi kimi bir niyyəti yoxdur, lakin köçmək istəyənin də iradəsini məhdudlaşdıra bilmərik: Azərbaycan dövləti ən ali səviyyədə dəfələrlə bəyan edib ki, Azərbaycan qanunlarına hörmətlə yanaşan, vətəndaşlığımızı könüllü formada qəbul edən şəxslər Qarabağda qalıb yaşaya bilərlər. Bu şərti qəbul etməyənlər, separatizm niyyətini yenidən alovlandırmaq istəyənlər, o cümlədən qanunsuz köçürmələr nəticəsində Qarabağda məskunlaşanlar barəsində isə qanunun sərt üzü ilə bütün lazımi hüquqi tədbirlər görüləcək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR