Bakı. Fərid Mirzəyev – APA. ““Space”-də yayımlanan “Sevimli şou” verilişinə dəvət olunan müğənnilər dinlənilən müğənnilərdir. Sadəcə veriliş toy şənliklərinə uyğun formatda təşkil olunur ki, bu, bizi narahat edir. Proqramda çox vaxt toy mahnıları səsləndirilir”.
Bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib. O bildirib ki, “Sevimli şou”da səslənən mahnıların toy bazarı üçün hesablanması təəssüratı yaranır: “O tipli verilişlər başqa kanallarda da var. Məsələn, “Lider” televiziyasında yayımlanan “Bir könüldən” verilişində səslənən musiqilər bir az fərqlidir. Halbuki “Sevimli şou”da gördüyümüz müğənniləri bəzən “Bir könüldən” verilişində də görürük. Amma o verilişlə bu veriliş arasında fərq var. “Sevimli şou”da daha çox toy bazarındakı müğənnilər qonaq olur və səslənən mahnılar da bir növ toy müstəvisindədir. Təbii ki, toy bizim milli adət-ənənəmizdir. Amma efir ayrı, toyxana ayrı. Bunların arasında fərq olmalıdır. Elə anlaşılmasın ki, biz toyu bəyənmirik. Sadəcə, efir materialı toydan fərqlənməlidir”.
Şöbə müdiri son xəbərdarlıqlardan sonrakı vəziyyətə də toxunub: “Təbii ki, mənfi çalarlar tam aradan qaldırılmayıb. Verilişdə yenə də əvvəlki kimi ciddi incəsənət xadimlərinin deyil, əsasən, toy biznesi ilə məşğul olan müğənnilərin yer aldığı və beləliklə də, toyxana mahnılarına üstünlük verilməsi tendensiyası diqqəti cəlb edir. Bu, kanalın yaradıcılıq işi olsa da, biz daim öz tövsiyələrimizi veririk. Çünki kanalın tezlik resursu dövlətə məxsusdur. Bundan səmərəli istifadə olunmalıdır. Verilişin ssenarisi, müəyyən konsepsiyası olmalıdır. Verilişdə sponsor təqdimatı ilə bağlı da müəyyən problemlər var. Belə ki, 2 saat yarımlıq verilişdə sponsor reklamını verilişin yalnız 1 saatına salırlar. Bu isə adi reklam blokları ilə birgə həmin saatın reklamla yüklənməsinə gətirib çıxarır”.
T. Dadaşov qeyd edib ki, “Sevimli şou”nun bağlanması gündəmdə yoxdur: “Hazırda verilişi bağlamağa hazırlaşmırıq. Verilişləri bağlamaq bizim atmaq istədiyimiz ən sonuncu addımdır. Sadəcə hər şey efir standartlarına uyğun həll edilməlidir. “Sevimli şou” bayağılıqdan, toyxana əhval-ruhiyyəsindən uzaq olsa, daha yaxşı olar. Verilişə baxanda özümüzü toyxanada hiss etməyək, əksinə ciddi sənət nümunəsi görək”.