Bakı – APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 71-ci sessiyası çərçivəsində Əfqanıstan İslam Respublikasının xarici işlər naziri Səlahəddin Rəbbani ilə görüşüb.
XİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, görüş zamanı Azərbaycan və Əfqanıstan arasında ikitərəfli münasibətlərin inkişafı və gələcək əməkdaşlıq perspektivləri, terrorizmə qarşı mübarizə və digər qarşılıqlı maraq kəsb edən məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb. E. Məmmədyarov Azərbaycan və Əfqanıstan arasında siyasi münasibətlərin yüksək inkişaf səviyyəsinə malik olduğunu qeyd edərək, birgə səylərlə müxtəlif sahələrdə, xüsusilə iqtisadi-ticarət və investisiya qoyuluşu sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsi zərurətini vurğulayıb. Nazir Azərbaycanın təşəbbüsü və iştirakı ilə regionda həyata keçirilən irimiqyaslı nəqliyyat və enerji layihələrinə toxunaraq sözügedən layihələrin regional əməkdaşlığa xidmət etdiyini və gələcək perspektivdə Əfqanıstanın da onların imkanlarından istifadə edə biləcəyini diqqətə çatdırıb.
S. Rəbbani iki ölkə arasındakı hərtərəfli əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edərək Azərbaycanın ikitərəfli və çoxtərəfli əsasda Əfqanıstana göstərdiyi dəstəyin ölkəsi tərəfindən yüksək qiymətləndirildiyini söyləyib.