Los Anceles muzeyində 20 Yanvarla bağlı tədbir keçirilib

Los Anceles muzeyində 20 Yanvarla bağlı tədbir keçirilib
# 21 yanvar 2016 07:18 (UTC +04:00)

Bakı – APA. Yanvarın 19-da Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu tərəfindən 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə bağlı anma mərasimi keçirilib.

Baş Konsulluqdan APA-ya verilən xəbərə görə, mərasim Los Ancelesin tanınmış muzeylərindən olan Vende Muzeyində (The Wende Museum) təşkil olunub. Vende Muzeyi “soyuq müharibə” illəri ilə bağlı nadir eksponatların nümayiş olunduğu ən unikal muzeylərdən biridir. Muzeydə keçirilən mərasimdə ATƏT-in Minsk Qrupunun 2001-2004-cü illərdə ABŞ-dan olan həmsədri, səfir Rudolf Perina, Los Ancelesdə fəaliyyət göstərən xarici ölkələrin diplomatları, elm və mədəniyyət xadimləri, yerli universitetlərin əməkdaşları, icma üzvləri və digər şəxslər iştirak ediblər.

Öncə mərasim iştirakçıları 20 Yanvar şəhidlərini bir dəqiqəlik sükutla yad ediblər. Muzeyin icraçı direktoru Castin Cempol (Justin Jampol) qonaqları salamlayaraq Vende Muzeyinin belə bir önəmli tədbirə ev sahibliyi etməkdən qürur hissi keçirdiyini vurğulayıb. Sonra Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev çıxış edərək, qanlı 20 Yanvar hadisələri barədə məlumat verib və həmin hadisələr zamanı sovet qoşunları tərəfindən böyük sayda günahsız insanın amansızcasına qətlə yetirildiyini bildirib. O qeyd edib ki, bu qəddarlığı həyata keçirən sovet rejimi Azərbaycan xalqının azadlıq arzularını boğmaq niyyətində olsa da, öz məqsədinə çata bilməyərək, tam iflasa uğrayıb və Azərbaycan öz dövlət müstəqilliyini tezliklə bərpa edib.

Müstəqilliyinin bərpasından keçən dövr ərzində Azərbaycanın sürətlə inkişaf etdiyini vurğulayan natiq, Azərbaycanın mövqelərinin həm regional, həm də qlobal səviyyədə möhkəmləndiyini deyib və ölkənin müstəqilliyinin güclü və dönməz xarakter aldığını diqqətə çatdırıb.

Sonra çıxış edən amerikalı keçmiş diplomat, Kaliforniya San Dieqo Universitetinin (UCSD) professoru Ceyms Koyl (James Coyle) bu hadisənin tarixi önəmindən danışaraq 20 Yanvar faciəsinin SSRİ-nin süqutunun başlanğıcını qoyduğunu vurğulayıb.

Çıxışlardan sonra Baş Konsulluq tərəfindən hazırlanmış “Qara Yanvar: Azərbaycanın azadlığına gedən yol” başlıqlı sənədli film nümayiş olunub. Həmçinin CNN televiziya kanalının faciə ilə bağlı reportajı göstərilib.

Tədbirin sonunda klassik bəstəkarların həzin ruhlu əsərlərindən nümunələr səsləndirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR