Qəbələdə selin fəsadları aradan qaldırılır

Qəbələdə selin fəsadları aradan qaldırılır
# 03 sentyabr 2016 18:59 (UTC +04:00)

Qəbələ. Elvin Yaqubov-APA. Qəbələyə yağan güclü yağışdan sonra əmələ gələn sel sularının törətdiyi fəsadlar aradan qaldırılır. APA-nın yerli bürosunun xəbərinə görə, dağlardan gələn sel suları rayon ərazisindən keçən Dəmiraparan çayında suyun səviyyəsinin xeyli yüksəlməsinə səbəb olub. Çay kənarında yerləşən Laza kəndini sel basıb, evlərin zirzəmilərinə su dolub, həyətyanı sahələri qalın lil qatı örtüb, küçələrdə keçilməz su gölməçələri və lil qatı əmələ gəlib. Laza kəndi ilə rayon mərkəzinin əlaqəsi kəsilib. Laza kəndində köməksiz vəziyyətdə qalan 53 nəfər Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən xilas edilib.

Laza kəndi ilə rayon mərkəzini birləşdirən avtomobil yolunun lil qatından təmizlənərək nəqliyyatın hərəkətini bərpa etmək üçün hazırda işlər görülür. Laza-Küsnət-Qəbələ yolunun bir hissəsi yararsız hala düşdüyündən əraziyə “Azəravtoyol” ASC-nin ağır texnikası və canlı qüvvəsi cəlb olunub.

Sel sularının Qəbələ şəhərinin Sahil küçəsində yaratdığı çətinliklər də aradan qaldırılır, lildən təmizləmə işləri görülür. Yolun asfalt örtüyü və çiyinlər su maşınları vasitəsi ilə yuyulur. Sel suları Qəbələ şəhərinin içməli su və kanalizasiya borularının bir hissəsini sıradan çıxarıb.

Hazırda mütəxəssislər sözü gedən boruların bərpa edilməsi üçün əraziyə baxış keçirirlər. Sel suları çay ətrafındakı bir neçə dəmir və beton elektrik dirəklərini aşırıb, naqillər qırıldığı üçün Laza kəndinə elektrik enerjisinin verilişi dayanıb. Hazırda “Azərişiq” ASC-nin əməkdaşları kəndə elektrik enerjisinin verilişini bərpa etmək üçün işlər görürlər.

Bu gün Qəbələ rayonunda yağmursuz hava müşahidə olunub. Dəmiraparan çayının suyu azalaraq əvvəlki vəziyyətə düşüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR