Gömrük xidməti və biznes subyektləri arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə Naxçıvan Biznes Mərkəzində xarici iqtisadi fəaliyyət iştirakçıları ilə növbəti görüş olub.
Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə gömrük orqanları tərəfindən xarici ticarətin asanlaşdırılması və daxili bazarın qorunması istiqamətində görülən işlər, gömrük ödənişləri zamanı sahibkarlara tətbiq olunan güzəştlər, göstərilən elektron gömrük xidmətləri haqqında məlumat verilib.
Əlaqəli dövlət orqanlarının qarşılıqlı fəaliyyətinin də dəyərləndirildiyi tədbirdə iş adamlarının problemləri dinlənilərək həlli yolları müzakirə olunub.
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri Asəf Məmmədov görüşün mahiyyətindən, müzakirə olunacaq məsələlərin ümumi işə faydasından danışıb. Gömrük sistemində qanunvericiliyin təkmilləşdirilməsinin, "bir pəncərə" prinsipinin tətbiqinin, xidmətlərin elektron qaydada həyata keçirilməsinin rəsmiləşdirməni asanlaşdırmaqla yanaşı, həm də sürətləndirdiyini önə çəkən komitə sədri xarici iqtisadi fəaliyyət iştirakçılarına dövlətin iqtisadi maraqlarını, muxtar respublikanın coğrafi, iqtisadi xüsusiyyətlərini daha əhatəli təhlil etməyi, qanunvericiliyin tələblərini dərindən öyrənməyi, gömrük əməkdaşları ilə məsləhətləşmələr aparmağı tövsiyə edib. Əlavə olaraq, gömrük rəsmiləşdirilməsinin aparılması üçün biznes subyektləri tərəfindən müəyyən şəxslərin ayrılması təklif olunub və bunun ümumi işin səmərəliliyinə müsbət təsir edəcəyi vurğulanıb.
Naxçıvanın iqtisadiyyat naziri Famil Seyidov son illər muxtar respublikada sahibkarlıq subyektlərinin fəaliyyətinə hərtərəfli diqqət və qayğının göstərildiyini vurğulayıb. Qeyd olunub ki, yaradılmış şərait hesabına daxili bazarda yerli istehsalın çəkisi ildən-ilə artır, idxal-ixrac əməliyyatlarının tənzimlənməsi mexanizmi muxtar respublika iqtisadiyyatının dinamik inkişafına müsbət təsir göstərir.
Naxçıvan MR Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Bəxtiyar İsmayılov yerli istehsalın, o cümlədən xarici ölkələrdən idxal olunan ərzaq və qida məhsullarının, mal-material və avadanlıqların keyfiyyət göstəricilərinə ciddi nəzarət olunduğunu vurğulayaraq, muxtar respublikada rəqabətədavamlı məhsul istehsalına xüsusi önəm verildiyini qeyd edib.
Sonra Naxçıvanın Dövlət Gömrük Komitəsi sədrinin müavini Səhət Həbibbəyli gömrük orqanları tərəfindən sahibkarlıq sahələrinin inkişafının stimullaşdırılması, daxili bazarın qorunması, süni qiymət dəyişmələrinin qarşısının alınması istiqamətində görülən işlərdən danışıb. Həmçinin, muxtar respublika gömrük xidmətinin beynəlxalq standartlara uyğunlaşdırıldığını, biznes subyektləri üçün əlverişli mühitin yaradıldığını önə çəkən sədr müavini xarici ticarətin asanlaşdırılması istiqamətində görülən işlərin əhəmiyyətini vurğulayıb.
Komitənin maliyyə-tarif şöbəsinin rəisi Rafael Əliyev gömrük rüsumlarının hesablanması qaydası və sahibkarlara tətbiq olunan güzəştlər, statistika və informasiya texnologiyaları şöbəsinin rəisi Emin Eylazov isə elektron gömrük xidmətləri barədə məlumat verib.
Naxçıvan Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov xarici iqtisadi fəaliyyətlə məşğul olan sahibkarlıq subyektlərinin dəstəklənməsi məqsədilə əlaqəli dövlət qurumları tərəfindən görülən işlərin həcminin artırılması, sahibkarlıq fəaliyyətinin düzgün istiqamətləndirilməsi ilə bağlı təkliflərlə çıxış edib və bu cür görüşlərin əhəmiyyətini qeyd edib.
Daha sonra xarici iqtisadi fəaliyyətlə məşğul olan sahibkarlıq subyektlərinin iştirakı ilə diskussiya olub. Aidiyyəti dövlət qurumları xarici iqtisadi fəaliyyət iştirakçıları tərəfindən qaldırılan məsələlərin həlli yollarını birgə müzakirə ediblər. Bir çox məsələ yerindəcə həll olunub.
Xarici iqtisadi fəaliyyət iştirakçılarına gömrük rəsmiləşdirilməsi zamanı tələb olunan sənədlər və gömrük-biznes əməkdaşlığının artırılması istiqamətində əsas tövsiyələri özündə əks etdirən məlumat vərəqələri paylanılıb.