Nazir müavini: Ermənistan Azərbaycandan qaz almağa hazırdır

Nazir müavini: Ermənistan Azərbaycandan qaz almağa hazırdır
# 26 oktyabr 2023 19:56 (UTC +04:00)

Ermənistan siyasi məsələlər həllini tapdıqdan sonra Azərbaycandan yenidən təbii qaz ala bilər.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, bunu Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Hakop Vardanyan Tbilisi Beynəlxalq İpək Yolu Forumunda deyib. Nazir müavini Sovet dövründə Ermənistanın üç böyük qaz kəməri vasitəsilə Azərbaycandan qaz aldığını və indi bu kəmərlərin bərpasının mümkünlüyünü bildirib.

“Mən ümid edirəm ki, bu qarşıdakı bir neçə il ərzində baş verəcək. Bizim Sovet illərində bu cür təcrübəmiz olub. Qeyd etdiyim kimi, biz qazı Azərbaycandan alırdıq, bizim Azərbaycandan üç nəhəng qaz kəmərimiz var idi və biz indi ölkələrimiz arasında siyasi məsələ qalmadığı təqdirdə bu kəmərləri bərpa edə bilərik. Biz, həmçinin Azərbaycandan Avropaya qaz nəqli ölkəsi ola bilərik, eynisi elektrik enerjisinə də aiddir. Biz bu kommunikasiyaların tikintisinə və bərpasına hazırıq. Bu, regionun enerji şaxələndirməsini dəyişə bilər”, - Vardanyan bildirib.

Nazir müavini vuğrulayıb ki, Ermənistan regionun mərkəzində yerləşdiyindən onun Şərq və Qərb qonşuları ilə sərhədlərinin açılması böyük imkanlar yarada bilər. O, Ermənistanın Azərbaycandan Türkiyəyə, eləcə də əks istiqamətdə elektrik enerjisinin nəqlində və ixracında rol oynaya biləcəyini, eləcə də hər iki ölkəyə elektrik enerjisi ixrac edə biləcəyini deyib. Əlavə edib ki, Ermənistan Azərbaycan və Türkiyə üçün, həmçinin Gürcüstan və İran üçün ən qısa dəhlizdir

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR