Azərbaycanda 43 000-ə yaxın şagird fransız dilini öyrənir

 Azərbaycanda 43 000-ə yaxın şagird fransız dilini öyrənir
# 18 fevral 2016 07:23 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu (ARTPİ) və Fransa səfirliyi arasında əməkdaşlığın genişləndirilməsi” mövzusunda görüş keçirilib. ARTPİ-dən APA-ya verilən məlumata görə, İnstitutunun direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov bildirib ki, Fransa səfirliyi ilə ARTPİ-nin birgə əməkdaşlığı çərçivəsində indiyədək 6 layihə həyata keçirilib.

Q. Novruzov qeyd edib ki, respublikada ikinci xarici dil kimi 319 məktəbdə fransız dili tədris olunur: “Ölkədə fransız dilini öyrənən şagirdlərin ümumi sayı 43 000-ə yaxındır. Fransız dilini öyrənmək imkanları kifayət qədər genişdir. Valideynlərin kütləvi şəkildə ingilis dilinə meyl göstərməsi fransız dilinin öyrənilməsi istiqamətində bir qədər çətinliklər yaradır ki, bununla bağlı ARTPİ ilə Fransa səfirliyi yeni layihələrin hazırlanması istiqamətində yaxından əməkdaşlıq edərək bu məsələnin həllini sürətləndirəcək”.

Fransanın Azərbaycandakı səfiri Orelia Buşez Azərbaycan prezidenti İlham Əliyevin təhsilin inkişafında çox maraqlı olduğunu qeyd edib. Səfir əlavə edib ki, müəllimlərin təkmilləşdirilməsi və inkişafı istiqamətində İnstitutun təşkil etdiyi kurslar, layihələr yüksək keyfiyyəti ilə fərqlənir: “Müəllimlərin Fransada kurslarda təcrübə keçməsi bunun bariz nümunəsidir. Təhsil Problemləri İnstitutu təhsildə keyfiyyətə yüksək önəm verir. Məhz bu baxımdan səfirlik və ARTPİ arasında əməkdaşlıq getdikcə daha da genişlənir”.

Görüşdə 2014-cü ildə ARTPİ-nin analoqu olan Sevr Beynəlxalq Pedaqoji Araşdırmalar Mərkəzi /CİEP (müqavilə:30 iyun 2014) ilə təməli qoyulmuş əməkdaşlığın, eyni zamanda Fransa Paris Təhsil Akademiyası, CİLAROM Təhsil Assosiasiyası ilə birgə görülən işlər, onların perspektivləri, ARTPİ-nin Azərbaycan Dillər Universiteti, Azərbaycan Fransız dili Müəllimlər Assosiasiyası, Azərbaycanda Fransız İnstitutu və Fransa Səfirliyi ilə fransız dilinin öyrənilməsi və yayılması ilə bağlı məqsədyönlü fəaliyyəti və gələcək birgə fəaliyyət məsələləri müzakirə edilib.

Fransanın Azərbaycandakı səfirliyi vasitəsilə Sevr Beynəlxalq Pedaqoji Araşdırmalar Mərkəzi, Paris Təhsil Akademiyası, CİLAROM Təhsil Assosiasiyası və Azərbaycan Fransız dili Müəllimlər Assosiasiyası ilə həm Azərbaycanda, həm də Fransada birgə həyata keçirilmiş layihələrin uğurları və nəticələri ətrafında söhbət aparılıb.

Görüşün yekununda 15-20 noyabr 2015-ci il tarixlərində Parisdə təhsil səfərində olmuş iştirakçılara Parisdən göndərilmiş sertifikatlar təqdim olunub.

Sonda O. Buşezə üzərində ARTPİ-nin loqosu əks olunmuş xatirə hədiyyəsi təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR