“İnterGlass” zavodunun tam gücü ilə fəaliyyət göstərməsi üçün dövlət davamlı dəstək göstərəcək". "APA-Economics" xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev Yevlaxda keçirilən "Qeyri-neft ixracatçılarının respublika müşavirəsi"ndə çıxışı zamanı deyib.
“Cənab prezident yekun nitqində qablaşdırmaya xeyli vaxt ayırdı və xatırlayırsınızsa, birinci rübündə yekunlarına həsr olunmuş müşavirədə də öz tövsiyələrini sahibkarlara çatdıranda “SOCAR Polymer” zavodunun imkanlarından istifadə edərək son mərhələdə Azərbaycan istehsalçıları tərəfindən zəruri olan məhsulların istehsalına diqqət yönəldib. Əsas məqsədlərdən biri də qablaşdırma məsələsidir. Qablaşdırma məsələsində yerli məhsulların istehsalına diqqət yetirmək önəmlidir. Həqiqətən də istehsal, satış və ixrac zəncirinin ən vacib komponentlərindən biri qablaşdırmadır və cənab prezident qeyd etdi ki, artıq Azərbaycanın da qablaşdırma sahəsində xeyli irəli getdiyini görmək olar. Amma bu kifayət deyil və bu istiqamətdə işlər görülməlidir. İstehsalla bağlı konkret məsələlər qaldırılıb. Təbii ki, biz təkcə şüşə istehsalı deyil, qablaşdırma və digər komponentlərin istehsalını da təşkil etməliyik. Bu istiqamətdə də addımlar atılır. Biz son müşavirədən sonra verilən tapşırıqlara uyğun olaraq artıq addımlar atmışıq. SOCAR prezidenti ilə sahibkarlarla görüşdük. Ancaq şüşə istehsalı ilə bağlı səslənən iradlar doğrudur. “İnterGlass” dövlətin güzəştli kreditləri hesabına zəruri avadanlıqların bir hissəsini alıb. Rəngli şüşələrin istehsalı üçün dövlət öz dəstəyini göstərəcək və qısa müddətdə “İnterGlass” zavodunun tam gücü ilə istehsala başlaması üçün hazır olan işləri görəcəyik. Bu istiqamətdə zavoda dövlətin dəstəyi veriləcək. Bilirəm ki, köməkçi komponentlərin xaricdən alınması yaxşı hal deyil. Zavod var, istehsal gücü var və biz çox qısa müddətdə biz bu istehsalı bərpa edəcəyik. Bu məsələ qısa zamanda həllini tapacaq”.