Bakı - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən banklara yatırılan əhalinin əmanətlərinin həcmi azalmaqdadır.
"APA-Economics" Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı statistik göstəricilərə istinadən xəbər verir ki, 2015-ci ilin dekabr ayının 1-ə Azərbaycan banklarına yatırılan əhalinin əmanətlərinin həcmi 7 milyard 89,5 milyon manatdır. Bu göstərici 2014-cü ilin analoji dövrü ilə müqayisədə 3,1 milyon manat və 0,04%, 2015-ci ilin əvvəli ilə müqayisədə 98,8 milyon manat və ya 1,37%, ötən ayla müqayisədə isə 83,4 milyon manat və 1,16% azdır.
Banklara yatırılan əmanətlərin həcmində azalma tendensiyası 2015-ci ilin mart ayından etibarən başlayıb. Buna səbəb ötən ilin fevral ayında baş verən manatın devalvasiyasıdır. 2015-ci ilin martın 1-ə banklarda 7 milyard 932,7 milyon manat həcmində əhalinin əmanətləri olub. Dekabrın 1-ə bu rəqəmin 7 milyard 89,5 milyon manat olduğunu nəzərə alsaq, məlum olur ki, fevral ayında baş verən devalvasiyadan sonra əhali banklardan 843 milyon manat həcmində əmanətlərini geri götürüb.
Burada maraqlı bir nüans da var. Belə ki, fevral ayında baş verən devalvasiyadan sonra banklarda əmanətləri olan əhalinin bir qismi pullarını geri çəkməyə, digəri isə manatla olan əmanətlərini xarici valyutaya (mütləq əksəriyyəti dollara) konvertasiya etməyə başladı. AMB hələlik bu ay üzrə əhalinin əmanətlərinin strukturunu açıqlamayıb. Lakin ötən ay üzrə statistikaya nəzər salanda məlum olur ki, manatla olan əmanətlərin xarici valyuta ilə olanlara nisbəti 24%/76%-dir. Belə ki, noyabrın 1-ə ölkədə fəaliyyət göstərən banklarda yerləşdirilən əhalinin əmanətlərinin həcmi 7 milyard 172,9 milyon manat olub ki, bunun 1 milyard 723,8 milyonu manatla, 5 milyard 449,1 milyonu isə xarici valyutada yerləşdirilib. Bank sektorunda və valyuta bazarında baş verənlər onu göstərir ki, əmanətlərin dollarlaşması prosesi noyabradək olduğu kimi, noyabrdan sonra da davam edib.