Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti və AMEA Qafqazşünaslıq İnstitutunun təşkilatçılığı ilə Bakıda Qafqazşünasların Birinci Beynəlxalq Forumu keçirilir.
APA-nın xəbərinə görə, forumun açılış mərasimində çıxış edən AMEA prezidenti, akademik Akif Əlizadə bildirib ki, Qafqaz dünyanın bir çox dövlətlərinin diqqət və marağında olan həssas bir regiondur. O qeyd edib ki, Ermənistanın Azərbaycana hərbi təcavüzünün dünyaya çatdırılmasında alimlərin böyük rolu ola bilər: "Biz Qafqazşünasların Birinci Beynəlxalq Forumunu keçirməklə perspektiv məsələlərə dair müzakirələr aparmağı lazım bilmişik. Müxtəlif ölkələrin qafqazşünas alimlərinin geniş forumu ümumi işə töhfə verəcək. Forumun zəngin proqramı var. Forumda böyük dövlətlərin Qafqaz siyasəti, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində yaradılmış Qarabağ münaqişəsi, ermənilərin törətdikləri soyqırımıları barədə müzakirələr aparılacaq".
Rusiya Elmlər Akademiyası Cənub Elm Mərkəzinin sədri, akademik Gennadi Matişov deyib ki, tarixdə baş verən heç bir soyqırımı unutmaq olmaz.
O, forum çərçivəsində Qafqazşünaslıq İnstitutu ilə Rusiya Elmlər Akademiyası Cənub Elm Mərkəzi arasında elmi əməkdaşlığa dair memorandum imzalanacağını söyləyib.
Akif Əlizadə AMEA-nın yubiley medalını Türk Tarix Qurumunun sədri, professor Refik Turana, Rusiya Elmlər Akademiyası Cənub Elm Mərkəzinin sədri, akademik Gennadiy Matişova, Gürcüstan Elmlər Akademiyasının vitse-prezidenti, akademik Roin Metreveliyə və Çeçenistan Elmlər Akademiyasının prezidenti, akademik Şaxrudin Qapurova təqdim edib.