Pakistan Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədrinə Azərbaycan Respublikasının yubiley medalı təqdim olunub.
Azərbaycanın Pakistandakı səfirliyindən APA-ya verilən məlumata görə, mərasimdə Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, ordu generalı Zubair Mahmud Hayat, Pakistan ordusunun generalları, yüksək rütbəli zabitləri və Azərbycan Resüpublikasının Pakistandakı səfirliyinin kollektivi iştirak edib.
Mərasimdə çıxış edən Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə iki ölkə arasında mövcüd ortaq bağlardan, səmimi dostluqdan və strateji tərəfdaşlıqdan söhbət açıb, bu qardaşlıq münasibətlərinin müdafiə, təhlükəsizlik, hərbi və hərbi-texniki sahələrinə də sirayət etdiyini bildirib. Səfir hərbi və hərbi texniki əməkdaşlıq sahəsində bir sıra yeni layihələrin, təlimlərin, təcrübə mübadiləsinin həyata keçirildiyini və əlaqələrin yüksələn istiqamətdə inkişaf etdiyini vurğulayaraq, bu əməkdaşlığın gücləndirilməsində hər iki ölkənin Silahlı Qüvvələrinin, o cümlədən Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin və onun sədrinin böyük rolunun olduğunu deyib.
Səfir Xarici İşlər Nazirliyinin müvafiq sərancamı ilə Azərbaycan Respublikası ilə əlaqələrin inkişafında və gücləndirilməsindəki xüsusi xidmətlərinə görə Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, ordu generalı Zubair Mahmud Hayatın “Azərbaycan Respublikası Diplomatik Xidmət Orqanlarının 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunduğunu bildirib.
Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, ordu generalı Zubair Mahmud Hayat Pakistanın qardaş Azərbaycanla əlaqələrə xüsusi önəm verdiyini, Dağlıq Qarabağ və Kəşmir məsələsində hər iki ölkənin bir birini daim dəstəklədiyini, Pakistanın Ermənistanı bir dövlət olaraq tanımadığını və BMT qətnamələrinin icrasının qeyd-şərtsiz təmin olunmasının vacibliyini diqqətə çatdırıb. Ordu generalı Zübair Mahmud Hayat Azərbaycana həyata keçirilən səfərlərini, Azərbaycan Prezidenti tərəfindən səmimi qəbul edilməsini, məsləkdaşları ilə görüşlərini xatırladaraq, iki ölkə arasındakı hərbi əlaqələrin inkişafından məmnun olduğunu və bu inkişafın davam etdiriləcəyini vurğulayıb.