London məhkəməsi Litvinenkonun qatillərinin adlarını rəsmən açıqlayıb

London məhkəməsi Litvinenkonun qatillərinin adlarını rəsmən açıqlayıb
# 21 yanvar 2016 12:17 (UTC +04:00)

Bakı – APA. Böyük Britaniyanın London Kral Məhkəməsi Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) zabiti Aleksandr Litvinenkonun zəhərlənərək öldürülməsinin icraçıları kimi Rusiya Dövlət Dumasının deputatı Andrey Luqovoy və rusiyalı iş adamı Dmitri Kovtunun adlarını çəkib.

APA-nın RBK-ya istinadən verdiyi məlumata görə, məhkəmə hakimi bildirib ki, əməliyyat böyük ehtimalla Rusiya prezidenti Vladimir Putin və FSB rəhbərinin razılığı ilə həyata keçirilib.

Hakim ser Robert Ouen bu gün A. Litvinenkonun ölümü ilə bağlı keçirilmiş açıq dinləmələrin yekunu əsasında öz qərarını elan edib. O, yarım il ərzində hazırladığı qərarda belə nəticəyə gəlib ki, böyük ehtimalla A. Litvinenkonun Londonda öldürülməsi planı Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və Rusiya prezidenti Vladimir Putin tərəfindən bəyənilib. Hakim Litvinenkonun “polonium-210” maddəsini təsadüfən və ya intihar niyyəti ilə qəbul etməsi ehtimalını istisna edib: “Əminəm ki, o, üçüncü şəxslər tərəfindən qəsdən zəhərlənib. Cənab Luqovoy və cənab Kovtun 1 noyabr 2006-cı ildə Londonun “Millenium” otelinin “Pine” barında “polonium-210” maddəsini çaynikə atıblar. Mən əminəm ki, onlar cənab Litvinenkonu zəhərləmək məqsədilə bunu ediblər”.

Hakim qeyd edib ki, Litvinenkonun qətl planı cinayətdən 2 il əvvəl, 2004-cü ilin oktyabrında Luqovoy və Litvinenkonun sonuncu görüşü dövründə sonra hazırlanıb. Görüş Luqovoyun təşəbbüsü ilə keçirilib. “Bu barədə onu deyə bilərəm ki, cənab Luqovoy həmin vaxt böyük ehtimalla bu plana cəlb edilib və məqsəd Litvinenkonu öldürmək olub”, - deyə hakim vurğulayıb.

Xatırladaq ki, 1988-1999-cu illərdə əvvəlcə DTK-nın, sonra isə FSB-nin əməkdaşı olmuş podpolkovnik Aleksandr Litvinenko 2000-ci ildə ailəsi ilə birlikdə Britaniyaya qaçıb və orada siyasi sığınacaq alıb. O, Rusiya kəşfiyyatını bir sıra cinayətlərdə ittiham edib. A. Litvinenko 2006-cı ilin noyabrında radioaktiv “polonium-210” maddəsi ilə zəhərlənib və Londonda ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR