Rəis Rəsulzadənin 70 illik yubileyi münasibətilə tədbir keçirilib

Rəis Rəsulzadənin 70 illik yubileyi münasibətilə tədbir keçirilib
# 01 noyabr 2016 09:13 (UTC +04:00)

Azərbaycan Rəssamlar İttifaqının üzvü, əməkdar rəssam, Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadənin 70 illik yubileyi münasibətilə tədbir keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə çıxış edən M. Ə. Rəsulzadə irsinin tədqiqatçısı Nəsiman Yaqublu Rəis Rəsulzadənin keçdiyi həyat yolu haqda danışıb. O deyib ki, R. Rəsulzadənin 80-ci illərdən başlayaraq Əfqanıstan, Polşa və digər ölkələrdə sərgiləri keçirilib: “Rəis bəy çox təvazökar insandır. Məhəmməd Əmin Rəsulzadə Ankarada vəfat edəndə Rəis bəyin atası Azər Rəsulzadəni Qazaxıstanda Dövlət Təhlükəsizlik Komitəsinə çağırırlar ki, atan ölüb. Azərdən soruşurlar ki, atan ölüb, sən niyə kədərlənmirsən?! Azər Rəsulzadə cavab verir ki, “kədərlənmirəm, əksinə, sevinirəm, çünki bizi bir daha incitməyəcəksiniz”. Rəsulzadə ailəsi ağır məşəqqətlər yaşayıb. Rəis bəy çox gözəl rəssamdır. O, yaşadığı havasız zirzəmidə yüzlərlə sənət əsəri yaradıb. Rəis bəy bütün çətinliklərə dözüb, Azərbaycan mədəniyyətinə böyük töhfələr verib. Mən Rəis bəyi 27 ilə yaxındır tanıyıram. Düşünürəm ki, onun əsərlərinin sərgilərini keçirmək lazımdır. 1994-1995-ci illərdə Rəis bəyin 2 fərdi sərgisi keçirilib. Lakin bu, azdır. Rəis bəy Azərbaycan mədəniyyətini zənginləşdirən şəxsiyyətdir”.

Millət vəkili Rafael Hüseynov qeyd edib ki, R. Rəsulzadə Azərbaycanın ən şanlı soyadlarından birini daşıyır. R. Rəsulzadənin Qazaxıstanda anadan olduğunu xatırladan millət vəkili bildirib ki, R. Rəsulzadə həyatda hər şeyə öz istedadı hesabına nail olub: “Rəis bəy Rəsulzadə nəslinin yaşayan simasıdır”.

Tədbirdə R. Rəsulzadənin müəllif olduğu rəsm əsərləri nümayiş etdirilib, onun haqda çəkilmiş film təqdim olunub.

Tədbir çıxışlarla davam etdirilib.

Qeyd edək ki, R. Rəsulzadə 1946-cı il noyabrın 1-də sürgündə, Qazaxıstanda doğulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR