Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Vergi borclarının alınması prosesinin səmərəliliyinin artırılması, bizim fikrimizcə, ilk növbədə borclu vergi ödəyiciləri ilə işə çox ciddi yanaşılması ilə bağlıdır. Vergi ödəyicisində borc yaranmasının sonradan hansı xoşagəlməz nəticələr verə biləcəyi nəzərə alınmalıdır.
"APA-Economics"in xəbərinə görə, bunu Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin rəisi Zeynalabdin Məmmədzadə "Vergilər" qəzetinə müsahibəsində bildirib.
Departament rəisinin sözlərinə görə, dünya təcrübəsi göstərir ki, böyük həcmdə vergi borclarının yaranmaması üçün prosesə erkən müdaxilə olunmalıdır. "Çünki borcun yaranma müddətindən nə qədər uzun vaxt keçirsə, onun alınması prosesi də bir o qədər çətinləşir. Vergi ödəyicilərini ilkin mərhələdə müxtəlif kanallar vasitəsilə məlumatlandırmaqla və qabaqlayıcı tədbirlər həyata keçirməklə borcların məbləğinin artmasının qarşısını almaq mümkündür. Bu baxımdan, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti cinayət tərkibi yaradan vergi borcları haqqında materiallar istintaq və təhqiqat strukturlarına daxil olduqdan sonra deyil, hər bir borcun yarandığı ilk gündən məşğul olmağa başlayacaq. Bu, qabaqlayıcı addımdır. Yəni biz vergi ödəyicisi ilə onun bu və ya digər səbəbdən yaranmış faktiki borcla üz-üzə qaldıqdan sonra deyil, daha əvvəl işləməyə başlayacağıq ki, əsas vergi borclarının artmasının, faiz və cərimələrin hesablanmasının qarşısı mümkün qədər alınsın. Məqsəd cinayət tərkibi yaradan vergi borcları ilə bağlı materialların sayının əsaslı şəkildə azaldılmasına, borclu vergi ödəyicilərində məsuliyyət hissinin artırılmasına nail olmaqdır", - deyə Z. Məmmədzadə qeyd edib.