Cəlilabad. Ağəddin Babayev - APA. Bu gün Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin (ƏƏSMN) Cəlilabad rayon şöbəsində vətəndaşların ünvanlı sosial yardım almaları məqsədilə fərdi qaydada ərizələrinin qəbulu keçirilib.
APA-nın cənub bürosunun məlumatına görə, qəbulda rayonun 35 ərazi vahidliyindən sakinlər iştirak edib. Nəticədə sıxlıq yaranıb, bəzi vətəndaşlar qəbulun gedişindən narazı qalıblar. Bununla yanaşı, sakinlər süni bahalaşmağa etiraz edib, banklara olan kredit borclarını ödəyə bilməmələrindən də şikayət ediblər.
Cəlilabad Rayon İcra Hakimiyyətindən (RİH) APA-nın cənub bürosuna bildirilib ki, ƏƏSMN-nin rayon şöbəsində sakinlərdən ərizələrin qəbulu elektron qaydada keçirilməli olduğu halda, hazırlıq işlərinin başa çatdırılmaması səbəbindən bu iş baş tutmayıb. Ona görə də rayonun 35 ərazi vahidliyindən vətəndaşların eyni gündə şöbəyə müraciət etməsi problem yaradıb.
O da bildirilib ki, RİH rəhbərliyi demək olar ki, hər gün vətəndaşların qəbulu və onların problemlərinin həlli ilə məşğuldur: "Elə sözügedən məsələ ilə də bağlı rayon rəhbərliyi əhali ilə görüşərək onların narahatlığına heç bir əsasın olmadığını, müraciətlərinin araşdırılacağını və müvafiq tədbirlərin görüləcəyini bildirib".
“Astara rayonunda tam sabitlik hökm sürür, heç bir aksiya keçirilməyib. Camaat öz cari iş-gücü ilə məşğuldur”. Bunu isə APA-nın cənub bürosuna Astara Rayon İcra Hakimiyyəti (RİH) başçısının birinci müavini Allahverən Mahmudov deyib.
Onun sözlərinə görə, rayonun Şahağacı kəndində baş vermiş hadisə bank fırıldaqçılığı ilə bağlı olub: "Altı ay öncə həmin kəndin sakinləri Ceyhun Əhədov və Nahid Rəhimov “Republika Bank”ın Astara filialının işçisi Vüqar Yusifovla birləşərək öz həmyerlilərinin etibarından sui-istifadə etməklə 30-a yaxın şəxsin adından kredit götürüb mənimsəyiblər. Sonradan sakinlərin şikayətləri əsasında həmin şəxslər barəsində cinayət işi açılıb, C. Əhədovla N. Rəhimov həbs olunub. V. Yusifov isə respublikadan qaçıb”.
A. Mahmudovun sözlərinə görə. bu məsələ ilə bağlı bu gün Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin müstəntiqi Şahağacı kəndinə gəlib: "Hazırda müstəntiq ərazi icra vahidliyinin binasında adlarına kredit götürülmüş şəxsləri qəbul edir, izahatlarını alır”.