Bakı. Məlahət Nəcəfova-APA. “Təbrizin “Kudəkan” xəstəxanasında vəfat edən uşağın meyitinin ailəsinə qaytarılması ilə bağlı məsələ Azərbaycanın Təbrizdəki Baş konsulluğun nəzarətindədir”.
Bu sözləri APA-ya açıqlamasında Azərbaycanın Təbrizdəki baş konsulu Əli Əlizadə deyib.
Onun sözlərinə görə, baş konsulluğun konsulu xəstəxanada olub: “O, uşağın valideynləri ilə görüşüb. Cümə günü İranda istirahət günü olduğundan məsul şəxslər işdə yoxdur. Sabah həm xəstəxana, həm də Təbriz Tibb Universitetinin məsul şəxslərindən xahiş edəcəyik ki, imkanları çatdığı qədər müəyyən güzəştlər etsinlər ki, tezliklə uşağın meyitini Vətənə yola salaq. Xahiş etmişik borcun müəyyən hissəsini keçiblər. İran pulu ilə təxminən 5 milyon tümən borc qalıb. Ümid edirik ki, müəyyən güzəştlər olar, Təbriz tibb universitetlərinin köməkliyi ilə meyiti ailəyə verərlər. Biz də əlimizdən gələn köməyi etməyə çalışırıq”.
Qeyd edək ki, 10 aylıq Dadaşzadə Qorqud Rövşən oğlu İran İslam Respublikasının Təbriz şəhərində "Kudakan" xəstəxanasında yanvarın 20-də ağciyərinə düşən infeksiya nəticəsində ölüb. Həkimlər 3200 manat borcu əsas gətirib, uşağın meyitini ailəsinə verməkdən imtina edirlər.