Bakı. Məlahət Nəcəfova - APA. İrandakı hərbi bazadan havaya qalxan Rusiyanın Tu-22M3 və Su-34 bombardmançı təyyarələri bu gün Suriyada terrorçuların mövqelərinə aviazərbələr endirib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə xəbəri Rusiya Müdafiə Nazirliyi yayıb.
Bildirilir ki, Həmədandakı aerodromdan havaya qalxan təyyarələr Hələb, İdlib, Deyr-əz-Zor vilayətlərində yerləşən İŞİD və “Əl-Nüsra”nın mövqelərinə zərbələr endirib.
Nəticədə Rusiya aviasiyası 5 böyük silah anbarını, Serakab, Əl-Bab, Hələb, Deyr-əz-Zor yaşayış məntəqələrində yerləşən təlim düşərgələrini darmadağın edib. Həmçinin Cafra və Deyr-əz-Zor şəhərləri yaxınlığında terrorçuların 3 idarəetmə məntəqəsi məhv edilib.
Aviazərbələr endirildikdən sonra təyyarələr İrandakı bazaya qayıdıblar.