Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 25-ci ildönümü münasibətilə Şəhidlər Xiyabanı ziyarət edilib.
APA-nın xəbərinə görə, ziyarətdə "Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin üzvləri, millət vəkilləri, Şuşa və ölkə ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Ziyarətçilər şəhidlərin məzarına gül dəstəsi düzüb, “Əbədi məşəl” kompleksi önünə əklil qoyub, şəhidlərin ruhuna dualar oxuyublar.
“Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov jurnalistlərə bildirib ki, Azərbaycan xalqı 25 ildir, bu işğala, zülmə dözür. B. Səfərov qeyd edib ki, gec-tez işğal altındakı torpaqlar azad olunacaq: "Biz hər gün Şuşaya qayıtmaq istəyirik. Bütün dünya birliyi və erməni havadarları bizim öz torpağımıza qayıtmağımıza əngəl törədib. Buna baxmayaraq, Azərbaycan xalqı, Azərbaycan əsgəri və Ali Baş Komandanımızın birliyi və iradəsi bizi işğal altındakı torpaqlarımıza aparacaq".