Tbilisidə 20 Yanvar faciəsinin ildönümü qeyd olunub - FOTO

Tbilisidə 20 Yanvar faciəsinin ildönümü qeyd olunub - FOTO
# 20 yanvar 2022 17:34 (UTC +04:00)

Gürcüstanın paytaxtı Tbilisidə 20 Yanvar faciəsinin 32-ci ildönümü münasibəti ilə anım tədbiri keçirilib.

APA-nın yerli bürosu xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü ilə Gürcüstanın Milli Parlament Kitabxanasında keçirilən tədbirdə əvvəlcə 20 Yanvar və 9 Aprel şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra çıxış edən Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev qeyd edib ki, 20 Yanvar hadisəsindən sonra Azərbaycan xalqının milli azadlıq hərəkatı tamamilə siyasi reallığa çevrilib və dönməz yol alıb.

Səfir vurğulayıb ki, hadisədən bir gün sonra Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev SSRİ rəhbərliyinin həyata keçirdiyi qanlı əməliyyata etirazını bildirib və hadisəyə siyasi qiymət verilməsini, günahkarların cəzalandırılmasını tələb edib.

“Lakin bu, yalnız Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıtmasından sonra, 1994-cü ildə mümkün oldu və 20 Yanvar hadisələri hərbi təcavüz kimi qiymətləndirildi”.

Faiq Quliyev müstəqillik illərində Azərbaycan və Gürcüstan arasında möhkəm strateji tərəfdaşlıq əlaqələrinin əsasının qoyulduğunu vurğulayıb, Azərbaycana göstərdiyi dəstəyə görə Gürcüstana təşəkkür edib.

Daha sonra çıxış edən Gürcüstan xarici işlər nazirinin birinci müavini Laşa Darsalia qeyd edib ki, bu gün ölkələr çətin çağırışlar qarşısındadır: “Azərbaycan və Gürcüstan müstəqillik illərində hər zaman bir-birinin yanında olub və strateji tərəfdaşlıq əlaqələri sayəsində birgə böyük uğurlara nail olunub. İki ölkə qarşıdakı dövrdə də birgə inkişaf yolunu seçəcək. Bunun qarantı ölkə rəhbərləri arasında dostluq əlaqələridir”.

Daha sonra çıxış edən Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan bildirib ki, 20 Yanvar Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü, suverenliyi üçün başlatdığı və Qarabağ zəfəri ilə nəticələnmiş prosesin başlanğıcıdır. Səfir qeyd edib ki, Azərbaycan və gürcü xalqlarının 90-cı illərin əvvəllərindəki müstəqillik hərəkatları azadlıq üçün hər zaman mücadilə edilməli olduğunu göstərib.

Anım tədbirində Gürcüstan parlamentinin deputatları, gürcü və azərbaycanlı ictimai xadimlər, iş adamları iştirak ediblər.

Tədbirdə faciəni əks etdirən fotoşəkillər nümayiş etdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR