Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaarın Azərbaycana səfəri nəzərdə tutulmayıb.
Bu barədə APA-nın sorğusuna cavab olaraq Aİ-nin Xüsusi Nümayəndəsinin Ofisindən məlumat verilib.
Toivo Klaarın regiona müntəzəm səfərlər etdiyini xatırladan Aİ-nin Xüsusi Nümayəndəsinin Ofisi bildirib ki, o, hazırda Ermənistanda səfərdədir. "O, dünən İrəvanda Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və sülh prosesinin hazırkı mərhələsini müzakirə etmək üçün Ermənistan rəsmiləri ilə bir neçə yüksək səviyyəli görüş keçirib. Cənab Klaar Azərbaycan tərəfi ilə də sıx təmasdadır və Azərbaycan rəhbərliyi ilə müntəzəm mübadilələr aparır".
Qeyd olunub ki, ancaq regiona bu səfər çərçivəsində Aİ-nin Xüsusi Nümayəndəsinin Bakıya səfəri planlaşdırılmayıb. "Bildiyiniz kimi, Azərbaycanda hazırda seçkiqabağı təşviqat dövrüdür, ona görə də hazırda Bakıya səfər nəzərdə tutulmur", - Aİ-nin Xüsusi Nümayəndəsinin Ofisi bildirib.