IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Kiber-mühitdə ekstremizmlə mübarizənin mədəniyyət aspektləri: Gənclərin zorakılığa aparan radikallaşması” mövzusunda panel keçirilib.
APA-nın xəbərinə görə, panelə “İnformation for All Programme”nin hökumətlərarası şurasının sədri və Qranadanın UNESCO yanında daimi nümayəndəsinin müavini Şafika Haddad, Qahirə Universitetinin Beynəlxalq hüquq kafedrasının müdiri, sabiq səfir, Misirin UNESCO yanında daimi nümayəndəsi Məhəmməd Sameh Amr, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Gənclərin məlumatlandırılması və təlimi üzrə Afrika Gənclər Şəbəkəsinin koordinatoru Daniel Da Hien qatılıblar.
İnformasiyanın güc mənbəyi olduğunu deyən Ş. Haddad bildirib ki, informasiya bir çox məsələlərin həllində, ölkənin inkişafında böyük rol oynayır: “Eyni zamanda informasiya sülh və birliyə aparan yoldur. UNESCO-nun təşkil etdiyi IFAP proqramı radikal ekstremizmlə mübarizəyə yönəlib. Bu proqram ölkələrin bir-birinə bağlılığına, mədəniyyətlərarası dialoqun yaradılmasına da xidmət göstərir. Hər ölkədə texnologiyalar xalqların bir-biri ilə tanışlığının və dostluğunun qurulmasına, mədəni əlaqələrin yaradılması üçün istifadə edilir. Lakin radikal ekstremizmlə məşğul olan qruplar bundan təhlükəsizliyi pozmaq üçün istifadə edir”.
M. Amr isə deyib ki, ekstremizm əsasən yoxsulluq olan yerdə geniş vüsət alır: “Xüsusilə internet məkanında ekstremizmin qarşısının alınması vacib məsələ olmaqla yanaşı, bu bir sıra cəmiyyətlər üçün çox çətin məsələdir. UNESCO bu çətinlikləri görür. 2015-ci lilin əvvəllərində UNESCO-nun mənzil qərargahında gənclərin internetdə radikallığının qarşısının alınması ilə bağlı konfrans keçirilib. Bu konfrans çox faydalı oldu. İstənilən yaşda terrorçu olmaq mümkündür. Lakin gənclər ekstremizm qarşısında daha zəif olurlar. Bunun üçün internetdən geniş istifadə edilir. Ekstremizmin dinlə, milliyyətlə heç bir əlaqəsi yoxdur. Beynəlxalq ictimaiyyət bu problemin qarşısını almaq üçün davamlı həll yolu tapmalıdır. UNESCO internet məkanda ekstremizmə qarşı mübarizədə vətəndaş cəmiyyətlərinə dəstək verməlidir. Gənclər sosial mediada və internetdə özləri radikal ekstremizmə qarşı mübarizə aparmalıdırlar. İnternet provayderlər arasında da əməkdaşlıq edilməlidir ki, qeyri-qanuni saytlar bloklansın”.
F. Hacıyev isə qeyd edib ki, Azərbaycanda müxtəlif etnik qruplar, müxtəlif dini konfessiyaların nümayəndələri rahat, qardaşlıq və sülh şəraitində yaşayırlar: “Artıq hamı bilir ki, internet həyatımızın ayrılmaz tərkib hissəsidir. İnternet məkan tamam yeni bir dünyadır. İnternetin dünyada 3 milyarddan çox istifadəçisi var. “Twitter”, “Facebook”dan nəinki sosiallaşmaq, hətta mənfi fikirlərin yayılması üçün də istifadə olunur. Potensial radikal ekstremizm xüsusi bir mədəniyyətə, etnik qrupa aid deyil. Bütün dövlətlər ekstremizmin acı nəticələrindən əziyyət çəkir. Ekstremizmə daha çox sosial cəhətdən təcrid olunmuş gənclər meylli olurlar. Azərbaycanda dövlət gənclərə çox böyük önəm verir. Biz nadir ölkələrdənik ki, bizdə Gənclər və İdman Nazirliyi, Gənclər Fondu fəaliyyət göstərir. Bizim Fond vasitəsilə gənclərə şərait yaradılır ki, onlar müsbət dəyişikliklər həyata keçirə bilsinlər”.
Sonda panel iştirakçılarının sualları cavablandırılıb.