Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanda 15 il əvvəl qətl törətməkdə təqsirləndirilən Həsrət Əliyev və gəlini Yeganə Ərəbovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
APA-nın məlumatına görə, hakim Fikrət Qəribovun sədrlik etdiyi hazırlıq iclası qapalı keçirilib. Həsrət Əliyev prosesə gətirilmədiyi üçün hazırlıq iclasının yanvarın 25-dək təxirə salınmasına qərar verilib.
Təqsirləndirilən şəxsin məhkəməyə hansı səbəbdən gətirilmədiyi açıqlanmayıb.
Qeyd edək ki, Quba rayon Polis Şöbəsinin əməkdaşlarının ötən il həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Quba rayon sakini, 1976-cı il təvəllüdlü Ərəbova Yeganə Mayıl qızı və onun qayınatası Həsrət Əliyev tutulub. Aparılan araşdırmalar zamanı məlum olub ki, Həsrət Əliyev gəlini ilə birgə 2001-ci ildə oğlu Elman Əliyevi qətlə yetirərək, doğrayıb və yaşadıqları evin həyətindəki ayaqyolu quyusuna atıb.
Quba rayon Məhkəməsinin qərarı ilə Həsrət Əliyev və onun gəlini Yeganə Ərəbova barəsində həbs qətimkan tədbiri seçilib.