Bakı. Hafiz Heydərov – APA. Müdafiə Sənayesi Nazirliyində 2015-ci ilin yekunlarına həsr olunmuş səyyar kollegiya iclası keçirilib.
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda çıxış edən nazir Yavər Camalov bildirib ki, aparılan məqsədyönlü işlər nəticəsində yüzlərlə məhsulun mənimsənilməsinə və silahlanmaya qəbul edilməsinə nail olunub. Nəticədə ötən il istehsal olunmuş müdafiə təyinatlı məmulatların həcmi ötən illərlə müqayisədə dəfələrlə artıb: “Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatlar 2009-cu ildən beynəlxalq sərgilərdə nümayiş etdirilir və böyük maraqla qarşılanır. Müdafiə Sənayesi Nazirliyində 2016-cı ildə Bakıda keçiriləcək “ADEX-2016” ikinci Beynəlxalq Müdafiə Sərgisi ilə bağlı hazırlıq işləri də davam etdirilir. Artıq 100-dən çox beynəlxalq şirkət sərgidə iştirak üçün qeydiyyatdan keçib. Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan müdafiə təyinatlı məmulatlar Azərbaycan Silahlı Qüvvələrini təmin etməklə yanaşı, artıq xarici ölkələrə də ixrac olunur. Bu gün nazirlik hərbi sənayenin müxtəlif istiqamətləri üzrə dünyanın aparıcı şirkət və firmaları ilə sıx əməkdaşlıq edir. Beynəlxalq sərgilərdə nümayiş etdirilən məmulatlara artan maraq sayəsində Müdafiə Sənayesi Nazirliyi ilə əməkdaşlıq edən qrumların sayı artmaqda davam edir”.
Kollegiya iclasında tabeli birlik və müəssisələrin fəaliyyətləri haqqında müəssisə rəhbərlərinin hesabat xarakterli çıxışları dinlənilib.
Sonda nazir Yavər Camalov Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2016-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası zamanı prezident İlham Əliyevin verdiyi tapşırıqları bir daha iclas iştirakçılarına xatırladıb. O, Ali Baş Komandan tərəfindən ölkənin müdafiə sənayesinin inkişafı ilə bağlı verilən tapşırıqların və 2016-cı ildə nazirliyin qarşısında duran vəzifələrin icrası ilə əlaqədar struktur bölmə, birlik və müəssisələrin rəhbərlərinə xüsusi göstərişlər verib.