Mütəxəssis: “Onurğa əyrilikləri gec aşkarlandıqda həyati təhlükələr yaradır”

 Mütəxəssis: “Onurğa əyrilikləri gec aşkarlandıqda həyati təhlükələr yaradır”
# 22 yanvar 2016 17:34 (UTC +04:00)

“Onurğa sütunu problemləri içərisində ən çox rast gəlinən problem skoliozlardır. Onurğanın ön tərəfdən baxanda sağa və yaxud sola əyilməsi skolioz, yandan baxanda önə doğru əyilməsi kifoz xəstəliyidir. Bu problemlər anadangəlmə də ola bilər, sonradan da ortaya çıxa bilər. Əzələ, sinir sistemi xəstəlikləri nəticəsində də bu problemlər inkişaf edir”.

Bunu APA TV-nin “Öncə sağlıq” proqramında tibb üzrə fəlsəfə doktoru, Mərkəzi Klinik Xəstəxananın Ortopediya, Travmatologiya, Fizioterapiya və İdman Həkimliyi Mərkəzinin müdiri Elviz Qasımov deyib.

Mütəxəssis bildirib ki, anadangəlmə skoliozlar uşaqlar doğulandan bir qədər sonra ilkin əlamətlərlə özünü büruzə verir. Həkim bildirib ki, anadangəlmə skoliozların bir qismi konservativ müalicələrə tabe olan və bununla aradan qalxanlardır. Amma bir sıra hallarda problemi əməliyyatla aradan qaldırmaq mümkün olur.

E. Qasımovun sözlərinə görə, əyriliklər növlərinə uyğun olaraq müxtəlif yaş qruplarında görünür: “Elə əyriliklər var ki, uşaqlar 7-8 yaşda olanda, yeniyetməlik dövründə inkişaf etməyə başlayır. Valideynlər də, müəllimlər də uşaqlara qarşı diqqətli olmalıdırlar. Uşaqlarda skoliozun olub-olmadığını asanlıqla ayırd etmək olur. Bu zaman çiyinlərin, kürək sümüklərinin paralelliyinə diqqət yetirmək lazımdır.

Bəzən əyriliklər inkişaf edəndən, bir çox mərhələləri keçəndən sonra həkimə müraciət olunur, o zaman artıq problemin əməliyyatla aradan qaldırılması lazım gəlir.

Ona görə də çox diqqətli olmaq lazımdır”.

Anadangəlmə skoliozların yaranmasında irsi faktorun, hamiləlik dövründə spirtli içki, siqaret, müxtəlif dərmanların qəbulunun da rolunun olduğunu deyən mütəxəssis qeyd edib ki, bu problem daha çox fol turşusu çatışmazlığında yarana bilər.

Onun sözlərinə görə, uşaqlarda raxit xəstəliyindən sonra skolioz inkişaf edir.

Mütəxəssis deyib ki, onurğa sütunu problemləri arasında skoliozlardan sonra kifiozlar geniş yayılıb: “Xüsusilə həddi-buluğa çatanlarda daha çox rast gəlinən bir kifoz forması var. Onlar gecələr ağrı ilə özünü göstərir. Bir növ revmatoid problem, yəni iltihabi durum olduğu üçün ağrılar gecələr artır. Ağrılar kürək sümüklərinin arasında yayılır. Bu problemin əsas əlaməti önə əyilmə - qozbellik və ağrıdır”.

O, skoliozlara ən çox orqanizmin sürətlə inkişaf etdiyi 12-20 yaş dövründə rast gəlindiyini vurğulayıb: “Çünki bu dövr sürətli böyümə dövrüdür. Çox kiçik əyriliklər bir neçə ay ərzində sürətlə inkişaf edə bilər. Məsələn, 20-30 dərəcəlik bir əyrilik bir qədər sonra 140 dərəcəlik ola bilər.

Onu da deyim ki, əyriliyin dərəcəsini ölçmək üçün sadəcə, ayaq üstdə durmuş halda Rentgen müayinəsi aparılır. Onurğa boyundan çanağa qədər çəkilir və bununla dərəcə təyin olunur. On dərəcəyədək olan əyrilik normal hal sayılır. Əyrilik 10-20 dərəcə arasında olanda bu, müşahidə olunmalı hal sayılır. Belə xəstələr 3-6 aydan bir kontrol olunmalıdırlar. Əyriliklər 20-40 dərəcə olanda korset müalicəsi təyin olunmalıdır”.

Mütəxəssis onu da deyib ki, bu zaman mağazalarda, apteklərdə satılan korsetlərin istifadəsi nəzərdə tutulmur və korsetlərdən necə gəldi, özfəaliyyət şəklində istifadə olunnmamalıdır: “Yəni korsetlər xüsusi bədən ölçüləri əsasında, hər kəs üçün fərdi şəkildə hazırlanmalıdır. Eyni zamanda hər 6 aydan bir korsetlərə baxılmalıdır. Uşaq böyüdükcə korset dəyişdirilə bilər”.

Həkim bildirib ki, korset ümumilikdə gün ərzində 12-14 saat ərzində əyində olmalıdır: “Uşaq gün ərzində korset taxırsa, yatan müddətdə çıxarmaq lazımdır. Yox, əgər gündüzlər taxmırsa, o zaman gecələr geyinməlidir.

İdman edən zaman korsetlər çıxarılmalıdır. Bu zaman korsetlər əzələ zəifliyi yarada bilər. İdman isə əzələni gücləndirmək məqsədi daşıyır”.

E. Qasımovun sözlərinə görə, yeniyetmələrdə 40 dərəcədən artıq skoliozlar əməliyyatla müalicə olunur. Bu problem zamanı əməliyyatın gecikməsi onurğa beyninin dartılmasına və iflicə də səbəb ola bilər. Mütəxəssis onu da deyib ki, skolioz zamani döş qəfəsi əyildikcə ürəkdə, ağciyərlərdə ciddi təhlükə yarana bilər.

Ortoped daha sonra qeyd edib ki, problem vaxtında aşkarlandıqda və uğurlu əməliyyatdan sonra xəstələr normal həyata dönürlər: “Əyriliklərin dərəcəsi çox böyük olanda problemi aradan qaldırmaq demək olar mümkün olmur. Bu problem gec aşkarlandıqda insan üçün həyati təhlükələr ortaya çıxır”.

Mütəxəssis bildirib ki, onurğa əyrilikləri olan şəxslərin yataqları nə çox yumşaq, nə də çox sərt olmalıdır: “Onlar üçün yarı ortopedik yataqlar seçilməlidir. Vaxtilə hətta bu problemi olanlar üçün gips yataqlar hazırlanırdı. Bu, yolverilməzdir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR