Dövlət Komitəsi 170 min dollarlıq dələduzluğa məruz qalan şikayətçi ilə bağlı məlumat yayıb

Dövlət Komitəsi 170 min dollarlıq dələduzluğa məruz qalan şikayətçi ilə bağlı məlumat yayıb
# 17 fevral 2016 15:02 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. “Dövlət Komitəsinin sabiq Aparat rəhbəri Səfər İmanov işdən ayrıldıqdan bir neçə ay sonra 170 min dollarının mənimsənilməsini iddia edən Eynur Kərimov adlı şəxs bizə müraciət edib”.

Bu barədə APA-ya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib. Komitədən deyilib ki, müraciət edənin dediyinə görə, o, S. İmanova 4 il əvvəl pul verib: “Həmin şəxs hər dəfə fərqli rəqəmləri deyib. 4 il ərzində həmin şəxs Səfər İmanovla yaxın əlaqədə olub. Onun bu müddətdə rəsmi şəkildə komitəyə və hüquq-mühafizə orqanlarına müraciət etməməsi sual yaradır. Məsuliyyətlə qeyd edirik ki, həmin şəxslə komitə sədri xanım Hicran Hüseynovanın işlə təmin edilməsi və hər hansı pul vəsaitinin verilməsi ilə bağlı heç bir əlaqəsi və danışıqlar olmayıb. Hicran Hüseynova kimisə vəzifəyə təyin etmək üçün inzibati və rəsmi səlahiyyətlərə malik deyil. Səfər İmanovun Hicran Hüseynovanın dayısı oğlu olması ilə bağlı məlumatlar da yalandır”.

Dövlət Komitəsi 5 fevral 2016-cı il tarixində bu məsələlərin araşdırılması üçün rəsmi şəkildə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edib: “Təəccüblü olsa da, bizim müraciətdən sonra həmin vətəndaş vəkili ilə birgə hüquq-mühafizə orqanları ilə əlaqədən qaçır. Hesab edirik ki, Vəkillər Kollegiyası və müvafiq təşkilatlar bu şəxsin vəkillik etikasına və vəkillik fəaliyyətindəki peşəkarlıq meyarlarına diqqət yetirəcək. Çünki bu, vəkillik etikasının pozulmasının və qeyri-peşəkar fəaliyyətin bariz nümunəsidir. Hazırda araşdırmalar davam edir. Əminliklə bildiririk ki, Komitə və onun sədri ünvanına səsləndirilən ittihamlar böhtandır, Səfər İmanovla həmin şəxsin arasında olan məsələlər isə istintaqdan sonra bəlli olacaq”.

Qeyd olunub bildirilib ki, icra başçısının müavini təyin edilməklə bağlı Hicran Hüseynovanın əlaqəsinin olması haqqında mətbuatda yer alan məlumatlar Dövlət Komitəsi tərəfindən şər və böhtan kimi qiymətləndirilir: “2015-ci il noyabrın 1-də fəaliyyətini dayandıran Səfər İmanov fəaliyyət göstərdiyi müddətdə onunla bağlı inzibati pozuntular baş verib və iki dəfə töhmət alıb. İşdən azad olunma səbəblərdən biri də ondan ibarət olub ki, Dövlət Komitəsinin bir neçə əməkdaşından öz problemlərinin həlli məqsədilə pul vəsaiti istəyib. Səfər İmanov anası və digər ailə üzvlərinin səhhətindəki problemlərlə bağlı dəfələrlə komitənin rəhbərliyinə müraciət edib. Onun 4 övladı var. Onun işdən çıxarılmasının təxirə salınması da elə məhz bu kimi səbəblərdən gecikdirilirdi. İş prosesində yol verdiyi sonuncu qeyd edilən pozuntuları və nöqsanları fəaliyyətinin dayandırılmasına əsas olub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR