“Səudiyyə Ərəbistanı beynəlxalq təşkilatlarda Azərbaycanın haqq işini dəstəkləyən qərarların qəbulunda mühüm rol oynayır” - MÜSAHİBƏ

“Səudiyyə Ərəbistanı beynəlxalq təşkilatlarda Azərbaycanın haqq işini dəstəkləyən qərarların qəbulunda mühüm rol oynayır” - <span style="color: red;">MÜSAHİBƏ
# 27 avqust 2015 09:21 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri Müsaid bin İbrahim əs-Süleymin APA-ya müsahibəsi

- Azərbaycan-Səudiyyə Ərəbistanı münasibətlərində hazırkı vəziyyəti necə qiymətləndirirsiniz?

- Səudiyyə Ərəbistanı Krallığı ilə Azərbaycanı yüksək səviyyəli qardaşlıq əlaqələri birləşdirir. Bu əlaqələr qarşılıqlı hörmət, səmimi dostluq və müştərək islam irsinə əsaslanır. Ölkələrimiz arasında, onların hər ikisinin mənafeyinə xidmət edən tam əməkdaşlıq və koordinasiya mövcuddur. Hamımız üçün fəxr və qürur mənbəyi olan bu əlaqələr İki Müqəddəs Məscidin Xadimi, kral Salman bin Əbdüləziz və prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində inkişaf edir. Hazırda Azərbaycandakı qardaşlarımız ilə birgə ölkələrimiz arasındakı bu əməkdaşlığın səviyyəsini bütün sahələr üzrə, xüsusən də ticarət, investisiya və mədəniyyət sahəsində inkişaf etdirməyə çalışırıq.

- Bu il iki ölkə arasında yüksək səviyyəli səfərlər oldu. Bəzi sahələrdə razılaşmalar əldə edildi. Neft-qaz sahəsinə gəlincə, Səudiyyə Ərəbistanının Azərbaycandakı neft-qaz layihələrində iştirakı nə dərəcədə olacaq?

- Həqiqətən də bu il Səudiyyə Ərəbistanı-Azərbaycan əlaqələrinin inkişafında uğurlu il oldu. Belə ki, Azərbaycan prezidenti İlham Əliyevin aprel ayında krallığa səfəri və bu səfərin ardınca baş tutan digər yüksək səviyyəli səfərlər, o cümlədən Səudiyyə Ərəbistanı ticarət və sənaye nazirinin bir neçə ay öncə Azərbaycana gəlməsini qeyd etmək olar. Səudiyyə Ərəbistanı ilə Azərbaycanın neft-qaz sahəsində əməkdaşlığına gəlincə, bu məsələ Azərbaycan prezidentinin krallığa səfəri əsnasında müzakirə olunub. Azərbaycan prezidenti ilə krallığın neft və mineral sərvətlər naziri Əli Ən-Nəiminin görüşü zamanı Səudiyyə Ərəbistanı şirkətlərinin Azərbaycanda fəaliyyəti üçün yaxşı imkanlar olduğu və onların ölkənizdə həm kontraktor, həm də investor kimi fəaliyyəti üçün əlverişli mühitin mövcudluğu qeyd edildi. Bundan əlavə, bu sahədə texniki təcrübə və məlumat mübadiləsinin həyata keçirilməsi, eləcə də “Cənub Qaz Dəhlizi” layihəsi ilə bağlı müzakirələr aparıldı. Məncə, neft istehsalçısı olan hər iki ölkə, bu sahədə əməkdaşlığı artırmaq üçün böyük imkanlara malikdirlər. Bu məsələdə yaxşı bir təcrübə də mövcuddur. Belə ki, 1994-cü ilin sentyabrında imzalanmış və Azərbaycan üçün tarixi əhəmiyyət daşıyan "Əsrin müqaviləsi"ndə Səudiyyə Ərəbistanının “Delta” şirkəti mühüm rol oynayıb. Bu şirkət Xəzərin Azərbaycan sektorundakı böyük "Azəri", "Çıraq", "Günəşli" yataqlarının birgə işlənməsi üçün neft şirkətindən ibarət konsorsiumun yaradılmasında iştirak edib. İndinin özündə də iki ölkənin yeni regional neft-qaz layihələrində əməkdaşlığı üçün heç bir maneə yoxdur.

- İki ölkə iqtisadi əməkdaşlığın başqa hansı sahələrini inkişaf etdirmək niyyətindədir?

- Ölkələrimiz bütün iqtisadi və investisiya sahələrində, xüsusən də turizm, kənd təsərrüfatı, qarşılıqlı investisiya sahələrində əməkdaşlıq etmək niyyətindədirlər. Qeyd etdiyim sahələrdə gözəl imkanlar var. Misal üçün, turizm sahəsini götürək. Azərbaycanın Şəki, Qəbələ, Quba, Gəncə və digər regionları kimi turizm potensialına, gözəl mənzərəyə, cəlbedici təbiətə, füsunkar sahillərə malik bir çox yerləri var. Xüsusən də nəzərə almaq lazımdır ki, Səudiyyə Ərəbistanı vətəndaşları tətillərini xarici ölkələrdə keçirməyi üstün tuturlar. Son rəsmi statistikaya görə, keçən il tətillərini xarici ölkələrdə keçirən Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 4 milyon olub. Beynəlxalq statistikaya görə, dünyada turizmə ən çox pul xərcləyənlər səudiyyəli turistlərdir. Onlar hər il xarici turistik səfərlərə 20 milyard dollardan çox vəsait xərcləyirlər. Bu səbəbdən bir çox dünya ölkələri səudiyyəli turistləri cəlb etmək uğrunda yarışa girir. Onları Azərbaycan ilə tanış etmək imkanı var. Xüsusilə xalqlarımız arasında istər din, istər mədəniyyət, istərsə də adət-ənənə baxımından bir çox yaxınlıq var ki, bu, ölkələr arasında turizmə münbit şərait yaradır.

Kənd təsərrüfatı sahəsində də ölkələrimizin əməkdaşlığı üçün böyük potensiallar mövcuddur. Səudiyyə Ərəbistanından kənd təsərrüfatına investisiya qoyuluşu üzrə ixtisaslaşmış nümayəndə heyətinin Azərbaycana səfəri nəzərdə tutulur. Onun məqsədi kənd təsərrüfatına investisiya qoyuluşu şərtləri, investisiya imkanları, investisiya qanunvericiliyi və qaydaları ilə tanış olmaqdır. Hazırda ölkələrin iqtisadi əlaqələrinin hüquqi bazası mövcuddur. İnvestisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında, həmçinin ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişlər artıq imzalanıb. Bundan əlavə, əvvəlki saziş və memorandumlar əməkdaşlıq üçün əməkdaşlıq imkanlarını artırır.

- Səudiyyə Ərəbistanı şirkətləri Azərbaycana qoyulan sərmayələri artırmaq niyyətlərini bildiriblər. Bu sahədə konkret hansısa addımlar varmı?

- Son vaxtlar Səudiyyə Ərəbistanı-Azərbaycan iqtisadi əlaqələrində nəzərəçarpacaq irəliləyiş müşahidə olunur. Keçən il may ayının 13-də Səudiyyə Ərəbistanı Krallığının ər-Riyad şəhərində “Ərəb ölkələri ilə Orta Asiya dövlətləri və Azərbaycan Respublikası arasında əməkdaşlıq və iqtisadiyyat üzrə Birinci Forum” keçirilib. Forumda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi, Xarici İşlər Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyinin məsul şəxslərindən ibarət yüksək səviyyəli nümayəndə heyəti ilə təmsil olunub. Orada tərəfləri maraqlandıran siyasi, iqtisadi, mədəni və elmi sahələr üzrə mühüm məsələlər müzakirə edilib.

Bu istiqamətdə keçən ilin dekabr ayında Bakı şəhərində Səudiyyə Ərəbistanı-Azərbaycan Hökumətlərarası birgə Komissiyasının üçüncü iclası keçirilib. İclasın yekununda iki ölkə arasında iqtisadi-ticarət və investisiya, sənaye energetika, kənd təsərrüfatı, bank və maliyyə, təhlükəsizlik, idman və gənclik, elm və təhsil, səhiyyə, mətbuat və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutan protokol imzalanıb. Qeyd edilən komissiyanın iclası çərçivəsində birinci Azərbaycan-Səudiyyə Ərəbistanı biznes forumu keçirilib. Tədbirdə hər iki ölkədən sənaye, neft-kimya, tikinti, qida, təhsil, ticarət, İKT, maliyyə və s. sahələri təmsil edən 100-dən çox şirkət iştirak edib.

Bu il may ayının 15-də Səudiyyə Ərəbistanı Krallığının ticarət və sənaye naziri böyük nümayəndə heyəti ilə Azərbaycana gəlib. Həmin vaxt ikinci Səudiyyə Ərəbistanı-Azərbaycan biznes forumu keçirilib ki, tədbirdə hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, sənaye, tikinti, maliyyə, İKT, logistika, turizm, konsaltinq, neft-kimya, səhiyyə sahələrində fəaliyyət göstərən 300-dən çox iş adamı iştirak edib.

Həmçinin qərara alınıb ki, Səudiyyə Ərəbistanı-Azərbaycan Hökumətlərarası birgə Komissiyasının dördüncü iclası cari ilin 17-18 noyabr tarixlərində krallıqda keçirilsin. Elə komissiyanın həmin iclası çərçivəsində də növbəti Səudiyyə Ərəbistanı-Azərbaycan biznes forumu keçiriləcək. Yəni demək istəyirəm ki, bu kimi iclas və biznes forumlar biznes təşəbbüslərinə stimul yaradacaq, yeni əməkdaşlıq imkanları yaradacaq və iqtisadi-ticarət, investisiya sahəsində ikitərəfli əlaqələrin genişlənməsinə öz töhfəsini verəcək.

- Yaxın vaxtlarda yüksək səfərlərin təşkili ilə bağlı hansı planlar var?

- Azərbaycanın mədəniyyət və turizm nazirinin dəvətinə uyğun olaraq Səudiyyə Ərəbistanı Krallığının Turizm və Qədim Abidələr üzrə Baş Komissiyasının sədrinin Azərbaycana səfərə gəlməsi planlaşdırılır. Səfərin məqsədi “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Səudiyyə Ərəbistanı Krallığının Turizm və Qədim Abidələr üzrə Baş Komissiyası arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun canlandırılması üçün təklif olunan layihələr haqqında fikir mübadiləsi və müzakirələr aparmaqdır.

Həmçinin gözlənilir ki, “Kənd Təsərrüfatına İnvestisiya Qoyuluşu üzrə Kral Abdulla Təşəbbüsü Bürosu”ndan nümayəndə heyəti Azərbaycan səfər edib, kənd təsərrüfatına investisiya qoyuluşu şərtləri, investisiya imkanları, investisiya qanunvericiliyi və qaydaları ilə tanış olsun. Hazırda bir çox digər səfərlərin təşkili və vaxtının müəyyən edilməsi üzərində iş gedir. Allah qoysa onların dəqiq vaxtı təyin olunandan sonra sizə bu barədə məlumat verəcəyik.

- Azərbaycana Həcc ziyarəti üçün ayrılmış kvotada dəyişiklik planlaşdırılırmı? Gələcəkdə bu sahədə hansı dəyişikliklər gözlənilir?

- Adətən Həcc kvotası Səudiyyə Ərəbistanı Krallığının Həcc Nazirliyi ilə dünyanın müxtəlif ölkələrindən olan səlahiyyətli nümayəndə heyətləri arasında razılaşdırılır. Bu baxımdan hər ilin əvvəlində Azərbaycan Respublikasının Həcc işləri üzrə nümayəndə heyətinin Səudiyyə Ərəbistanı Krallığı Həcc Nazirliyinin məsul şəxsləri ilə görüşündə azərbaycanlı zəvvarların tələbatları ilə bağlı müzakirələr aparılması üçün bir vaxt təyin edilir. Azərbaycan nümayəndə heyətini bu müzakirələrdə Qafqaz Müsəlmanları İdarəsi təmsil edir. Hər bir ölkə üçün ayrılan Həcc kvotası həmin ölkədən olan Həcc işləri üzrə nümayəndə heyətinin öz xahişi ilə müəyyən edilir. Məsələn, Azərbaycan nümayəndə heyəti istəyinə uyğun olaraq kvotanı artırmaq və ya azaltmaq barədə müraciət edə bilər. Belə ki, Qafqaz Müsəlmanları İdarəsini təmsil edən nümayəndə heyəti istəyinə və xidmət səviyyəsinə uyğun olaraq krallıqda Həcc xidməti göstərən qeyri-hökumət qurumlar ilə qiymətləri razılaşdıra bilər. Keçən il azərbaycanlı hacıların sayı 4000-dən bir qədər artıq olub. Ayinləri tam sərbəst icra etmələri üçün onlara münasib şərait yaradılıb. Krallıq nəhəng layihələr həyata keçirərək, Allah evinin ziyarətçilərinin rahatlığı və arxayınlığı üçün Məkkədəki Müqəddəs Məscidin tutum gücünün artırılması ilə bağlı genişləndirmə işləri aparır. Gələcəkdə bu sahədə gözlənilən dəyişikliyə gəlincə isə, demək istərdim ki, Həccin təşkilində hər hansı bir yenilik olarsa, şübhəsiz ki, bu, zəvvarların xeyrinə və onlar üçün daha yaxşı şəraitin təmin olunmasına yönəlmiş olacaq.

- Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Səudiyyə Ərəbistanının mövqeyi necədir? Münaqişənin həlli uzanır. Sizin ölkə bu problemin həlli yolları barədə nə düşünür?

- Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyimiz həmişə açıq-aşkar və şəffaf olub. Səudiyyə Ərəbistanı Krallığı həmişə beynəlxalq təşkilatların qərarlarına uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığını dəstəkləyir, habelə həmin təşkilatlarda Azərbaycanın haqq işini dəstəkləyən qərarların qəbul edilməsində mühüm rol oynayır. Ölkələrimiz arasında bir çox beynəlxalq forum və təşkilat çərçivəsində koordinasiya və sıx əməkdaşlıq əlaqələri mövcuddur. Arzu edirik ki, beynəlxalq təşkilatların qərarları münaqişənin həll olunmasında öz rolunu oynasın və regionda sülh, əmin-amanlıq bərqərar olsun. Çünki istənilən regionda baş verən hər hansı bir münaqişə və ya müharibə onun inkişafına və öz potensialını tam olaraq gerçəkləşdirməsinə mənfi təsir edir. Münaqişənin tezliklə həll edilməsi Azərbaycanın işğal olunmuş torpaqlarının qaytarılması və qaçqınların öz doğma yurdlarına dönməsini tələb edir. Belə ki, qeyd etdiyimiz qərarlar bunu dəfələrlə vurğulayıb.

- İki ölkə arasında hava yolunun qurulması ilə bağlı danışılar aparılırmı?

- Sevindirici haldır ki, iyul ayının 8-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində Azərbaycan Respublikası hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı hökuməti arasında hava əlaqəsi haqqında Saziş imzalandı. Şübhəsiz ki, birbaşa hava xəttinin açılması iki ölkə arasında ticarət dövriyyəsi və turizm mübadiləsinin daha da çoxalmasına imkan verəcək. Bundan əlavə, bu, Azərbaycandan krallığa və əks tərəfə gedən Həcc, ümrə zəvvarlarının, eləcə də adi ziyarətçilərin rahat və tez daşınmasına şərait yaradacaq.

- Bizə Yəməndə baş verən hadisələr və Səudiyyə Ərəbistanı Krallığının bu münaqişənin həllində rolu barədə məlumat verə bilərsinizmi?

- Bildiyiniz kimi, husi silahlı birləşmələrinin və keçmiş prezident Salehin tərəfdarlarının qanuni hakimiyyəti devirməsi nəticəsində Yəmən Respublikasında vəziyyət kəskinləşib, son dərəcə təhlükəli bir xarakter alaraq, regional təhlükəsizlik, sabitlik və əmin-amanlıq, eləcədə beynəlxalq sülh və təhlükəsizliyə böyük təhlükə yaradıb. Ərəb Körfəzi Dövlətlərinin Əməkdaşlıq Şurasına üzv olan ölkələr münaqişənin sülh yolu ilə həlli üçün böyük səy göstərsə də, qanuni hakimiyyəti devirmiş husi silahlı birləşmələri bütün bu davamlı sülh cəhdlərini qəti şəkildə rədd edib. Təəssüf ki, xaricdən dəstəklənən husi silahlı birləşmələri nə Yəmənə, nə də onun xalqına xeyir və sülh arzulamır, krallıq və Körfəz dövlətlərində sabitliyi pozmağa çalışırlar. Yəməndə qanuni hakimiyyəti devriləndən sonra BMT Təhlükəsizlik Şurası qanunun bərpası və siyasi keçid prosesinin tam şəkildə həyata keçirilməsi haqqında 2140 saylı qərar qəbul etdi. Səudiyyə Ərəbistanı və Körfəz dövlətləri qardaş Yəmən xalqına münasibətdə öz məsuliyyətlərindən çıxış edərək qərara gəldilər ki, BMT Təhlükəsizlik Şurasının 2216 saylı qərarına uyğun olaraq Yəmən prezidenti Əbdürəbbuh Mənsurun qeyd edilən silahlı qrupların Yəməndə qanuni hakimiyyəti devirdikdən sonra törətdikləri ciddi təhlükələrin qarşısının alınması, eləcə də Yəmən və onun xalqını xaricdən dəstək alan husi yaraqlılarının təcavüzündən qorumaq üçün təcili olaraq bütün növ yardımların göstərilməsi ilə bağlı müraciətini qəbul etsinlər. Xüsusən də ona görə ki, bu hadisələr Səudiyyə Ərəbistanı Krallığı və Körfəz dövlətlərinin təhlükəsizliyinə təhdid yaradıb. Belə ki, husi silahlı birləşmələri Yəmən ərazisi ilə kifayətlənməyərək, krallığın mülki yaşayış qəsəbələrini və sərhədyanı şəhərlərini xaotik formada raket və mərmi atəşinə tutmuşlar. Bunun nəticəsində bir çox hərbçi və mülki şəxs həlak olub. Husi silahlı birləşmələri və onları dəstəkləyən qruplar nəinki Yəməndə əmin-amanlığı pozurlar, eləcə də əhalini qırır, humanitar yardımların daxil olmasına mane olurlar. Bütün bu hallar Yəməndə humanitar böhranın yaranmasına gətirib çıxarıb. Səudiyyə Ərəbistanı Krallığı zərərçəkmiş insanlara humanitar yardım göstərməyə tələsərək, BMT vasitəsilə humanitar aksiyalara 274 milyon dollar məbləğində vəsait ayırıb. Bundan əlavə İki Müqəddəs Məscidin Xadimi "Kral Salman Humanitar Yardım Mərkəzi" təsis edərək oraya 300 milyon dollar məbləğində maliyyə ayırıb. Ədən aeroportunun azad edilməsindən sonra krallıq hava körpüsü vasitəsilə gündəlik olaraq Yəmənə humanitar yardımlar çatdırır. Husi silahlı birləşmələrinin və keçmiş prezident tərəfdarlarının Yəmən xalqının mənafelərini və humanitar durumunu saya salmayıb, "Humanitar atəşkəsi sazişi"ni dəfələrlə pozmasına baxmayaraq, krallıq və koalisiya qüvvələri bu sazişə əməl ediblər.

Allahdan diləyirik ki, Yəməni və onun qardaş xalqını qorusun, onu fitnələrdən kənar etsin. Həmçinin diləyirik ki, əziz Yəmən xalqı üçün əmin-amanlıq və sabitlik bərqərar etsin.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR