Azərbaycan prezidenti Qətərin xarici işlər nazirini qəbul edib - YENİLƏNİB

 Azərbaycan prezidenti Qətərin xarici işlər nazirini qəbul edib - <span style="color: red;">YENİLƏNİB
# 31 yanvar 2017 09:59 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Qətər xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al-Taninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın məlumatına görə, prezident İlham Əliyev Azərbaycan ilə Qətər arasında ikitərəfli əlaqələrin səviyyəsindən məmnunluğunu ifadə edib, Qətər Dövlətinin əmiri Şeyx Təmim bin Həməd Al-Taninin Azərbaycana səfərinin əlaqələrimizin inkişafında mühüm rol oynadığını bildirib, eyni zamanda, Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al-Taninin ölkəmizə səfərinin əməkdaşlığımızın perspektivlərinin müzakirəsi üçün yaxşı imkanlar yaratdığını vurğulayıb.

Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın fəaliyyətinə toxunan dövlət başçısı bu komissiyanın iqtisadi əməkdaşlığımızın praktik məsələlərinin müzakirəsinə diqqət yetirəcəyinə ümidvar olduğunu bildirib. Prezident İlham Əliyev deyib ki, siyasi əlaqələrimiz yüksək səviyyədədir, tərəfdaşlıq münasibətlərinə söykənir və iqtisadi, ticarət, turizm və digər sahələrdə əməkdaşlığımızın da genişləndirilməsi üçün yaxşı imkanlar var. Dövlət başçısı bu baxımdan investisiya imkanlarının araşdırılmasının əhəmiyyətini qeyd edib.

Qətərin xarici işlər naziri Qətər əmirinin ən səmimi salamlarını prezident İlham Əliyevə çatdırıb və onu ölkəsində görməyi səbirsizliklə gözlədiyini deyib. Nazir Azərbaycanda gedən inkişaf proseslərinin Qətərdə böyük maraqla izlənildiyini bildirib. İqtisadi əməkdaşlığımıza toxunan qonaq Azərbaycan-Qətər Hökumətlərarası Birgə İqtisadi, Ticarət və Texniki Komissiyasının konstruktiv şəkildə fəaliyyət göstərəcəyinə ümidvar olduğunu bildirib. Azərbaycan ilə Qətər arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu deyən Şeyx Məhəmməd bin Əbdürrəhman Al-Tani əlaqələrimizin bundan sonra da daim inkişaf edəcəyinə əminliyini ifadə edib. İqtisadi əməkdaşlığımızın daha da genişləndirilməsinin önəmini vurğulayan qonaq bu baxımdan müştərək fondun yaradılmasının məqsədəuyğun olduğunu deyib.

Azərbaycan prezidenti isə Qətərə səfərini səbirsizliklə gözlədiyini deyib və Qətər əmiri Şeyx Təmim bin Həməd Al-Tani ilə şəxsi dostluq münasibətlərinin xalqlarımız arasında dostluğun möhkəmləndirilməsi baxımından önəmini qeyd edib.

Görüşdə BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqdan məmnunluq ifadə olunub və bu əməkdaşlığın daha da möhkəmləndirilməsinin önəmi vurğulanıb.

*** 10.14

Prezident İlham Əliyev yanvarın 31-də Qətər Dövlətinin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al-Taninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR