Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransına daxil olan siyasi partiyaların gənclərinin iştirakı ilə bölmə iclası keçirilib

Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransına daxil olan siyasi partiyaların gənclərinin iştirakı ilə bölmə iclası keçirilib
# 23 noyabr 2012 09:59 (UTC +04:00)

Bakı. Pərvin Abbasov – APA. Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) Bakıda keçirilən VII Baş Assambleyasının plenar sessiyası çərçivəsində Konfransa daxil olan siyasi partiyaların gənclərinin iştirakı ilə bölmə iclası keçirilib.

APA-nın məlumatına görə, YAP Gənclər Birliyinin sədrinin müavini Ramin Məmmədovun sədrliyi ilə keçirilən iclasda Asiyada sülhün, təhlükəsizliyin və tərəfdaşlığın inkişafında gənc liderlərin rolu xüsusi müzakirə mövzusu olub. R. Məmmədov bildirib ki, qloballaşan dünyada gənclərin rolu danılmazdır: “Gələcəyini düşünən bütün dövlətlər gənclərə xüsusi diqqət yetirir, onların fikirlərini və gələcəyi baxış konsepsiyalarını nəzərə alırlar”.

Kamboca Nazirlər Kabinetinin dövlət katibi Suas Yera, Kambocanın Fun Cin Pek partiyası sədrinin müşaviri Ti Çin Senq, COOPPALES-in sədri Xorxe Lui Fuentes Karanza, Yaponiyanın Kapti Partiyası sədrinin müavini İtari İssi, İCAPP-ın Gənclər Birliyinin katibi Mustafa Hayder Sayed çıxış edərək Asiya ölkələrində, eləcə də dünyanın inkişaf etmiş ölkələrində cərəyan edən siyasi proseslərə nəzər salıblar. Qeyd olunub ki, hər yerdə inkişafa nail olmaq üçün sülh və təhlükəsizliyin bərqərar olması əsas amildir.

İCAPP-ın baş katibi Xose de Venesia bölmə iclasında bildirib ki, gələcək gənclərin əlindədir. Onlar təkcə öz müqəddəratlarını deyil, bəşəriyyətin xilası və xoşbəxt gələcəyi üçün çalışmalıdırlar: “Bütün dövlətlər gənclərə bu istiqamətdə dəstək olmalıdırlar”.

Çıxışlarda İCAPP-ın gənclər təşkilatlarının gələcək fəaliyyət istiqamətləri, gənclər birliyinin mərkəzi ofisi və katibliyinin iş prinsipləri, beynəlxalq təşkilatlarla əməkdaşlıq və s. təkliflər səslənib, fikir mübadiləsi aparılıb.

Müzakirələrin sonunda İCAPP-ın Gənclər Birliyinin fəaliyyətinin gücləndirilməsi, onlara maliyyə dəstəyinin artırılması, İllik Gənclik Festivalının keçirilməsi, media ilə əlaqələrin inkişaf etdirilməsi, yoxsulluğun azaldılması istiqamətində və korrupsiyaya qarşı mübarizədə gənclərin fəaliyyətinin artırılması, təhsil strategiyasının hazırlanması və təqaüdlərin təyin edilməsi, beynəlxalq təşkilatlarla əməkdaşlığın qurulması və inkişaf etdirilməsi, idman və mədəniyyət sahəsində müxtəlif layihələrin həyata keçirilməsi ilə bağlı bir sıra tövsiyə xarakterli qərarlar qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR