AŞPA Monitorinq komitəsində Azərbaycanla bağlı məruzə qəbul olunub

AŞPA Monitorinq komitəsində Azərbaycanla bağlı məruzə qəbul olunub
# 23 may 2016 14:08 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Avropa Şurası Parlament Assambleyasının Monitorinq komitəsində Azərbaycanla bağlı müzakirələr çox konstruktiv keçdi”.

Bu sözləri APA-ya açıqlamasında Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib. O bildirib ki, Azərbaycan üzrə məruzəçilər Stefan Şennak və Sezar Preda 5-9 aprel tarixlərində Azərbaycana faktaraşdırıcı səfərin yekunları ilə bağlı məruzə ilə çıxış ediblər:

“Müzakirə zamanı məhkəmələrdə bəzi məhbusların azad olunması, Azərbaycanda bu istiqamətdə aparılan işlər yüksək qiymətləndirildi. Mən iki gün öncə Azərbaycanın birinci xanımı, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə parlamentdə amnistiya aktının qəbul olunduğunu diqqətə çatdırdım. Komitə bu humanist addımı yüksək qiymətləndirdi. Monitorinq komitəsində bəzi insanlar Azərbaycan tərəfindən hər hansı addım atılanda bunu tənqid atəşinə tutmağa adət ediblər. Lakin hətta o adamlar da bu dəfə Azərbaycan hökuməti tərəfindən atılan addımları qiymətləndirmək məcburiyyətində qaldı. Başqa cür ola da bilməz. Ona görə ki, bu istiqamətdə atılmış addımlar göz qabağındadır”.

S. Seyidovun sözlərinə görə, müzakirələrdə Ermənistan nümayəndə heyəti məruzənin içərisində əks olunmuş Azərbaycan torpaqlarının işğalı ilə bağlı məqama müdaxilə etməyə cəhd göstərib: “Lakin həm mənim çıxışım, həm də bəzi komitə üzvlərinin Azərbaycan torpaqlarının işğal altında olması faktının heç kim tərəfindən şübhə altına alına bilməyəcəyi haqda fikirləri bu cəhdləri heçə endirdi. Ümumi şəkildə məruzə qəbul olundu. Qərara gəlindi ki, Monitorinq komitəsinin həmməruzəçiləri iyun ayının ortalarında Azərbaycana bir də səfər etsinlər. Onlar həm Azərbaycanda gedən proseslərlə bir daha tanış olacaq, həm də 90 saylı seçki dairəsində səsverməni müşahidə edəcəklər”.

S. Seyidov həmməruzəçilərin yekun məruzə hazırlayana qədər hələ bir neçə dəfə Azərbaycana səfər edəcəklərini söyləyib: “Səfərlər yekunlaşdıqdan sonra məruzə hazırlanıb, AŞPA-ya təqdim olunacaq. Bu gün müzakirə olunan ilkin məruzə idi. Məruzə müvafiq mərhəni keçdi. Növbəti səfərlər nəticəsində yekdil, ümumiləşdirilmiş məruzə təqdim olunacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR