Avropa Parlamentinin deputatı: “Dağlıq Qarabağ münaqişəsinin hələ də davam etməsi qəbuledilməzdir”

Avropa Parlamentinin deputatı: “Dağlıq Qarabağ münaqişəsinin hələ də davam etməsi qəbuledilməzdir”
# 29 may 2015 07:59 (UTC +04:00)

Biz bu parlamentdə Azərbaycan haqda müzakirələr aparmağa hər zaman açığıq. Bu müzakirələrdə bəzən Azərbaycana qarşı tənqidlər də səslənir. Mətbuat azadlığı, insan hüquqları kimi məsələlər qaldırılır. Amma biz Azərbaycanın inkişaf edən, olduqca proqressiv bir ölkə olduğunu da unutmamalıyıq”.

Bu sözləri Avropa Parlamentində “Qəbələ - Azərbaycanın hələ də kəşf ediləcək bir guşəsi” adı altında Qəbələ rayonunun təqdimatını keçirən AP-nin sloveniyalı deputatı İvo Vayql APA-ya açıqlamasında deyib.

İ. Vayql bildirib ki, Azərbaycanda milli azlıqlara, qadınlara hörmət edilir: “Azərbaycan bütün dinlərin bir-birinə hörmətlə yanaşdığı dünyəvi bir ölkədir. Bu da elə Avropanın təbliğ etdiyi dəyərlərdəndir və bu dəyərlər Azərbaycanda qorunub saxlanılır. Üstəlik, bu ölkə münaqişədən əziyyət çəkir. Çünki ölkənin Dağlıq Qarabağ adlanan bölgəsi işğal edilib. Bu neçə illər ərzində hələ də münaqişənin davam etməsi qəbuledilməzdir. Azərbaycanın bu gün bizim dəstəyimizə, yardımımıza ehtiyacı var. Onunla hər növ dialoq aparılmalıdır, gənclərlə, iş adamları ilə təmaslar daha çox qurulmalıdır. Bu gün Azərbaycan böyük uğurlara imza atır və bizim üçün də çox maraqlıdır. Bundan başqa, sizin ölkənizdə çoxlu sayda qaçqın və köçkünlərin olduğunu bilirəm, onlara baş çəkmişəm. Yadımdadır, bir dəfə Azərbaycanda səfərdə olduqda Ağdamda yerləşən qaçqın şəhərciyini, Dağlıq Qarabağdan məcburi köçkün düşmüş, öz doğma yurd-yuvalarını itirmiş insanları ziyarət etmişdik. Biz bu insanların acı taleyini, onların faciəsini gördük. Mən Azərbaycanın gözəl guşələrindən biri olan Qəbələ rayonunda da olmuşam. Bugünkü tədbiri təşkil etməyimin səbəblərindən biri də elə budur. Mənim xanımım Qəbələdə musiqi festivalında uğurla çıxış etmişdi. Qəbələ olduqca gözəl təbiətə, iqlimə malik olan bir bölgədə yerləşir. Qafqaz dağlarına buradan çox gözəl bir mənzərə açılır”.

İ. Vayql gələn ay Bakıda ilk Avropa Oyunlarının keçiriləcəyini xatırladıb: “Hesab edirəm ki, insanlar, xalqlar arasında təmasların qurulması, yeni dostluqların yaradılması baxımından belə idman yarışlarının həmişə xeyri var. Azərbaycanın da belə bir yarışmada iştirak etmək, onu təşkil etmək təşəbbüsü müsbət bir haldır. Və inanıram ki, ölkəniz bunun öhdəsindən layiqincə gələcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR