Azərbaycanla Kolumbiya arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib

Azərbaycanla Kolumbiya arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib
# 31 may 2017 10:53 (UTC +04:00)

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Kolumbiyaya rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Maria Anxela Olginlə görüşüb.

XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş çərçivəsində Azərbaycan və Kolumbiya xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin IV raundu keçirilib.

Görüşdə iki ölkə hökumətləri arasında müxtəlif səviyyələrdə təmasların genişləndirilməsi və siyasi dialoqun davamlı şəkildə aparılması məqsədilə yüksək səviyyəli səfər mübadiləsinin əhəmiyyəti vurğulanıb. Bu xüsusda, Azərbaycanda Kolumbiya səfirliyinin və Kolumbiyada isə Azərbaycanın diplomatik nümayəndəliyinin fəaliyyətə başlamasının ikitərəfli əlaqələrimizin inkişaf dinamikasına yeni bir təkan verdiyi diqqətə çatdırılıb.

Nazir E. Məmmədyarov Azərbaycan-Kolumbiya Parlamentlərarası Dostluq Qrupu çərçivəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinə dair geniş imkanların olduğunu bildirib. O, bu xüsusda Kolumbiya Senatının II konstitusional daimi komitəsində “Azərbaycan Respublikasının ərazisinin qanunsuz işğal edilməsi” adlı qətnamənin, həmçinin Senatın Xarici Əlaqələr Komissiyası tərəfindən Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar sənədin qəbul edilməsinin yüksək qiymətləndirildiyini qeyd edib.

Həmkarını Ermənistan-Azərbaycan münaqişəsi üzrə danışıqlar prosesinin son durumu barəsində məlumatlandıran E. Məmmədyarov münaqişənin həllində Kolumbiya tərəfinin davamlı olaraq beynəlxalq hüquq normalarına, dövlətlərin suverenliyi və ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslanaraq Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyinə görə təşəkkürünü bildirib.

E. Məmmədyarov həmçinin uzun müddətdir ölkədə davam edən münaqişənin sülh yolu ilə nizamlanması münasibətilə Kolumbiya xalqını təbrik edib və əldə edilmiş sülh razılaşmasının ölkənin davamlı inkişafı üçün çoxsaylı imkanlar yaradacağına ümid etdiyini qeyd edib. O, ölkələrimiz arasında ticarət dövriyyəsinin iki ölkənin mövcud potensialına cavab vermədiyini qeyd edərək, ikitərəfli iqtisadi münasibətlərin inkişaf etdirilməsi məqsədilə Azərbaycan və Kolumbiya arasında ticarət-iqtisadi sahədə əməkdaşlıq üzrə birgə işçi qrupunun yaradılmasının faydalı ola biləcəyini vurğulayıb.

Humanitar sahədə əməkdaşlıq üçün geniş imkanlar olduğunu bildirən E. Məmmədyarov Kolumbiya Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycan Xarici İşlər Nazirliyinin əməkdaşları üçün ispan dili kurslarının təşkili təşəbbüsü və dəstəyinə görə təşəkkürünü ifadə edib. E. Məmmədyarov turizm sahəsində də əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi baxımından çoxsaylı imkanların mövcud olduğunu qeyd edərək, “ASAN Viza” sistemi vasitəsilə elektron viza verilən ölkələr siyahısına Kolumbiyanın əlavə edilməsinin kolumbiyalı turistlərin Azərbaycana səfərlərinə töhfə verəcəyinə ümidvar olduğunu deyib.

Xanım Maria Anxela Olgin Kolumbiya hökumətinin yeni tərəfdaşları ilə münasibətlərin şaxələndirilməsi xəttinə xüsusi diqqət ayırdığını deyərək, siyasi məsləhətləşmələrin də bu məqsədə xidmət etdiyini vurğulayıb. O, Kolumbiyanı Azərbaycanın dostu kimi xarakterizə edərək turizm, ticarət, sərmayələrin qoyuluşu və s. kimi sahələrin inkişafı baxımından Kolumbiyada Azərbaycan şirkətlərini görməkdən məmnun olacaqlarını əlavə edib.

M. Olgin Azərbaycana daim sülhü dəstəklədiyinə görə təşəkkürünü bildirərək, münaqişə sonrası layihələrdə Azərbaycanla əməkdaşlıq etməyə hazır olduqlarını qeyd edib.

Nazirlər iki ölkə arasında mədəni əlaqələrin dərinləşməsinə təkan verəcək “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Kolumbiya Respublikasının Mədəniyyət Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş” imzalayıblar.

Görüşdə həmçinin Azərbaycan klassikləri və Kolumbiya şairlərinin əsərlərindən ibarət ispan və Azərbaycan dillərində çap olunmuş Antologiyanın təqdimatı keçirilib. Görüşdən sonra nazirlərin birgə mətbuat konfransı keçirilib.

Sonra nazirlər Kolumbiyanın tanınmış iş adamlarının iştirakı ilə ziyafətə qatılıblar. E. Məmmədyarov ölkəmizdə aparılan maliyyə və iqtisadi islahatlar, qeyri-neft sektorunun şaxələndirilməsi istiqamətində aparılan tədbirlər haqqında ətraflı məlumat verib və iş adamlarını maraqlandıran suallara cavab verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR