Azərbaycan XİN etiraz notasını Litva səfirinə təqdim edib

Azərbaycan XİN etiraz notasını Litva səfirinə təqdim edib
# 18 mart 2013 21:01 (UTC +04:00)

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə nazir müavini Xələf Xələfov Litva Seymində “Dağlıq Qarabağ Respublikası” ilə parlament dostluq qrupunun yaradılmasının Azərbaycan tərəfindən narazılıq və narahatlıqla qarşılandığını bildirib.

Nazir müavini səfirin diqqətinə çatdırıb ki, Azərbaycanın işğal olunmuş ərazisi olan Dağlıq Qarabağ ilə ayrıca dostluq qrupunun yaradılması nəinki Azərbaycan qanunvericiliyinin, eləcə də beynəlxalq hüququn kobud pozulması faktıdır. X.Xələfov bəzi litvalı deputatlar tərəfindən atılan bu addımın Azərbaycanla Litva arasında münasibətlərin mövcud vəziyyətinə uyğun gəlmədiyini, həmçinin, ikitərəfli əlaqələrə kölgə saldığını təəssüflə qeyd edib.

Nazir müavini bu addımın Azərbaycan tərəfindən ölkənin ərazi bütövlüyünün, suverenliyinin pozulması, eyni zamanda separatçılığın dəstəklənməsi və beynəlxalq hüquq prinsiplərinə hörmətsizlik kimi qiymətləndirildiyini bildirib.

Səfir Arturas Jurauskas rəsmi Bakının narahatçılığını başa düşdüyünü, Azərbaycanın mövqeyini öz hökumətinə çatdıracağını bildirib. Səfir, həmçinin, qeyd edib ki, ölkəsinin qanunvericiliyinə görə Litva parlamentinin hər bir üzvünün təşəbbüs irəli sürmək hüququ var. Parlamentin bir neçə üzvünün Dağlıq Qarabağla dostluq qrupunun yaradılmasına dair təşəbbüsü Seymin və Litva hökumətinin rəsmi mövqeyini ifadə etmir.

Nazir müavini Xələf Xələfov bu cavabın Azərbaycanı qane etmədiyini, həmin deputatların Litva Respublikasının qanunvericilik hakimiyyətini təmsil etdiklərini, xüsusi statuslu rəsmilər olduqlarını və qondarma “Dağlıq Qarabağ Respublikası” nümayəndələri ilə şəxsi əlaqə deyil, parlament səviyyəsində dostluq qrupu yaratdıqlarını bir daha səfirin nəzərinə çatdırıb.

X. Xələfov bildirib ki, bütün nüfuzlu beynəlxalq təşkilatlar, eləcə də dünya birliyi Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır.

Nazir müavini Xələf Xələfov Litva Respublikasının ölkəmizdəki səfiri Arturas Jurauskasa etiraz notası təqdim edərək, məsələnin araşdırılacağına və Litva tərəfinin bu halın aradan qaldırılması istiqamətində tədbirlər görəcəyinə ümid etdiyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR