Azərbaycan nümayəndə heyəti Kaliforniyada yüksək səviyyəli görüşlər keçirib - FOTOSESSİYA

Azərbaycan nümayəndə heyəti Kaliforniyada yüksək səviyyəli görüşlər keçirib - <span style="color: red;">FOTOSESSİYA
# 13 mart 2013 07:57 (UTC +04:00)

Bakı – APA. ABŞ-ın Kaliforniya ştatının Senatının dəvəti ilə ştatın paytaxtı Sakramento şəhərində rəsmi səfərdə olan Azərbaycan nümayəndə heyəti Kaliforniya qanunverici və icraedici orqanlarının yüksək vəzifəli təmsilçiləri ilə görüşlər keçirib. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan APA-ya verilən məlumata görə, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komitəsinin sədri Səməd Seyidovun rəhbərlik etdiyi və millət vəkilləri Asim Mollazadə, Sevinc Fətəliyeva və Sahibə Qafarova, Dövlət Neft Şirkətinin vitse-prezidenti Xalik Məmmədov və Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevin daxili olduğu nümayəndə heyəti Kaliforniya Senatının sədri Darrel Staynberq ilə görüşüb.

D. Staynberq nümayəndə heyətini salamlayaraq Azərbaycanın çətin bir bölgədə ABŞ-ın ən etibarlı müttəfiqlərindən biri olmasını yüksək qiymətləndirib. S. Seyidov isə Azərbaycan-ABŞ strateji tərəfdaşlıq münasibətlərindən danışaraq bu münasibətlərin hər iki dövlətin və xalqın maraqlarına cavab verdiyini qeyd edib.

Sonra nümayəndə heyəti Kaliforniya Senatının respublikaçılar fraksiyasının rəhbəri Bob Haff ilə görüşüb. Görüşdə tərəflər qarşılıqlı maraq kəsb edən məsələlər, o cümlədən Kaliforniya ilə Azərbaycan arasında parlamentlərarası əlaqələrin daha da sıxlaşdırılması barədə müzakirə aparıblar.

Kaliforniya qanunvericilik orqanının aşağı palatası olan ştat assambleyasının respublikaçılar fraksiyasının rəhbəri Konni Konvey ilə keçirilən görüşdə isə müstəqilliyin bərpasından sonra Azərbaycanın keçdiyi sürətli inkişaf yolu, müxtəlif sahələrdə əldə olunan nailiyyətlər, Azərbaycanın güclü etnik və dini dözümlülük ənənələri, Azərbaycan-ABŞ münasibətləri və digər mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb. K. Konvey Azərbaycanın ABŞ-ın yaxın dostu və müttəfiqi olmasından məmnunluğunu ifadə edib.

Kaliforniya ərzaq və kənd təsərrüfatı nazirinin müavini Sandra Şubert ilə keçirilən görüşdə Azərbaycanda kənd təsərrüfatı sahəsində aparılan məqsədyönlü islahatlar və əldə olunan nailiyyətlər, Azərbaycan-ABŞ iqtisadi-ticari münasibətləri və Azərbaycan kənd təsərrüfatı məhsullarının Kaliforniyaya idxalı, həmçinin kənd təsərrüfatı sahəsində təcrübə mübadiləsi imkanları ətrafında müzakirələr aparılıb. Qeyd olunub ki, hazırda Azərbaycandan Kaliforniyaya nar şirəsi və narşərab kimi məhsullar idxal olunmaqdadır və digər ərzaq və kənd təsərrüfatı məhsullarının da idxalı üçün geniş imkanlar mövcuddur.

Kaliforniya xarici iqtisadi əlaqələr nazirinin müavinləri Xorxe Xaramiyyo və Pol Oliva ilə keçirilən görüşdə isə Azərbaycanın hazırkı iqtisadi inkişafı, artmaqda olan iqtisadi və sərmayə imkanları, müxtəlif ölkələrdə həyata keçirdiyi irimiqyaslı investisiya layihələri, “Boeing” və “Orbital Sciences Corporation” kimi ABŞ şirkətləri ilə əməkdaşlıq və bu əməkdaşlıq nəticəsində ABŞ-da minlərlə yeni iş yerlərinin yaradılması, eləcə də Azərbaycan ilə Kaliforniya arasında iqtisadi-ticari münasibətlərin genişləndirilməsi perspektivləri müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR