Azərbaycana diplomatik və xüsusi missiya ilə səfər edən əcnəbilərin qeydiyyata alınması qaydası müəyyənləşib

Azərbaycana diplomatik və xüsusi missiya ilə səfər edən əcnəbilərin qeydiyyata alınması qaydası müəyyənləşib
# 22 iyun 2015 10:23 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Xarici İşlər Nazirliyinin Kollegiyası “Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklər, konsulluq müəssisələri və beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşlarının və onların ailə üzvlərinin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində akkreditə olunma Qaydaları”nda dəyişiklik edib.

APA-nın məlumatına görə, Qaydaların adı dəyişdirilərək “Xarici ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəlik və konsulluqlarının, habelə beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşlarının, inzibati-texniki xidmət heyətinə daxil olan şəxslərin və onların ailə üzvlərinin, həmçinin Azərbaycan Respublikasına diplomatik missiya ilə və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda xüsusi missiya ilə səfər edən əcnəbilərin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində qeydiyyata alınması Qaydaları” adlandırılıb.

Beləliklə, indiyə qədər bu Qaydalar Azərbaycandakı diplomatik nümayəndəliklər, konsulluq müəssisələri və beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşlarının və onların ailə üzvlərinin Azərbaycan Xarici İşlər Nazirliyində akkreditə olunmasını tənzimləyirdisə, bundan sonra xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəlik və konsulluqlarının, habelə beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşlarının, inzibati-texniki xidmət heyətinə daxil olan şəxslərin və onların ailə üzvlərinin, həmçinin Azərbaycan Respublikasına diplomatik missiya ilə və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda xüsusi missiya ilə səfər edən əcnəbilərin Xarici İşlər Nazirliyində qeydiyyatını tənzimləyəcək. Qeydiyyat XİN-in Dövlət Protokolu İdarəsi tərəfindən həyata keçirilir.

İndiyə qədər XİN tərəfindən diplomatik nümayəndəliklərdə çalışan xidməti və ya xüsusi pasporta, eyni zamanda imtiyaz və immunitetlərə malik olmayan, xarici dövlətlərin vətəndaşları olan inzibati-texniki heyətinin və xidmətçi personalın üzvlərinə, diplomatik nümayəndəliklərin heyət üzvü olmayan özəl ev işçilərinə, Azərbaycan Respublikasında daimi yaşayan və diplomatik nümayəndəliklərdə çalışan xarici ölkələrin diplomatik və xidməti pasportlara malik olmayan vətəndaşlarına, üçüncü dövlətlərin vətəndaşlarına, diplomatik nümayəndəliklərin Azərbaycan Respublikasının vətəndaşları olan inzibati-texniki heyətinin və xidmətçi personalının üzvlərinə vəsiqə verilib. Dəyişikliyə əsasən, vəsiqə qeydiyyat vəsiqəsi ilə əvəzlənib və qeydiyyat vəsiqəsi yalnız diplomatik nümayəndəliklərdə çalışan xidməti və ya xüsusi pasporta, eyni zamanda imtiyaz və immunitetlərə malik olmayan, xarici dövlətlərin vətəndaşları olan inzibati-texniki heyətinin və xidmətçi personalın üzvlərinə (xidmətçi heyətin üzvləri, onların ailə üzvləri) və Azərbaycan Respublikasına diplomatik missiya ilə və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda xüsusi missiya ilə səfər edən əcnəbilərə və diplomatik nümayəndəliklərdə çalışan xidməti və ya xüsusi pasporta, eyni zamanda imtiyaz və immunitetlərə malik olmayan, xarici dövlətlərin vətəndaşları olan inzibati-texniki heyətinin və xidmətçi personalın üzvlərinə veriləcək.

İndiyə qədər XİN tərəfindən vəsiqə ilə təmin edilmiş diplomatik nümayəndəliklərin heyət üzvü olmayan özəl ev işçilərinə, Azərbaycan Respublikasında daimi yaşayan və diplomatik nümayəndəliklərdə çalışan xarici ölkələrin diplomatik və xidməti pasportlara malik olmayan vətəndaşlarına, üçüncü dövlətlərin vətəndaşlarına və diplomatik nümayəndəliklərin Azərbaycan Respublikasının vətəndaşları olan inzibati-texniki heyətinin və xidmətçi personalının üzvlərinə isə qeydiyyat vəsiqəsi verilməyəcək.

Beləliklə, artıq xarici ölkələrin diplomatik nümayəndəliklərdə çalışan Azərbaycan Respublikasının vətəndaşları XİN tərəfindən qeydiyyata alınmayacaq və diplomatik nümayəndəliklərin heyət üzvləri kimi tanınmayacaq. Son dəyişikliklə əlaqədar XİN tərəfindən akkreditə olunmuş şəxslərin diplomatik nümayəndəliklərin heyət üzvləri kimi tanınması, XİN tərəfindən verilən bütün vəsiqələrin 2 il müddətinə etibarlı olması ilə bağlı müddəa da ləğv olunub. Dəyişikliyə əsasən, bundan sonra yalnız diplomatik, xidməti və fəxri konsul vəsiqələri 2 il müddətinə etibarlıdır.

XİN tərəfindən qeydiyyat vəsiqələrinin verilmə qaydası da müəyyən edilib. Qeydiyyat vəsiqəsinin verilməsi üçün XİN-ə qeydiyyata alınan şəxsin təmsil etdiyi təşkilatın müraciət məktubu və (və ya) müvafiq diplomatik nümayəndəliyin notası, xarici ölkə vətəndaşının pasportunun onun sahibi haqqında başlıca məlumatı əks etdirən səhifələrinin (adı, soyadı, fotoşəkili, pasportun növünü göstərən) surəti, 3x4 ölçülü 2 ədəd rəngli (ağ fonda) fotoşəkil, qeydiyyata alınan şəxs diplomatik nümayəndəlikdə çalışdığı təqdirdə müvafiq qaydada doldurulmuş, nümayəndəliyin möhürü və başçısının imzası ilə təsdiqlənmiş iki nüsxədə “Vəsiqə üçün anket” (Application for identity card), digər hallarda isə qeydiyyata alınan şəxs tərəfindən doldurulmuş “Qeydiyyat anketi” (Application for registration) təqdim olunmalıdır. Qeydiyyat vəsiqəsinin verilməsi üçün tələb olunan sənədlər, əcnəbi ölkəyə daxil olduqdan sonra, 10 iş günü ərzində XİN-ə təqdim olunmalıdır. Qeydiyyat vəsiqəsinin müddəti əməkdaşın diplomatik nümayəndəlikdə fəaliyyət müddətinədək, Azərbaycan Respublikasına diplomatik missiya ilə və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda xüsusi missiya ilə səfər edən əcnəbilərə verilən vizanın etibarlılıq müddəti bitənədək, viza tələb olunmayan əcnəbilər üçün isə Azərbaycan Respublikasına edilən səfərin müddəti bitənədək etibarlıdır. Qeydiyyat vəsiqəsinin etibarlılıq müddəti bitdiyi, qeydiyyat vəsiqəsinin sahibinin vəzifəsi dəyişdirildiyi, qeydiyyat vəsiqəsinin itirildiyi, oğurlandığı və ya yararsız vəziyyətə düşdüyü təqdirdə, yeni vəsiqənin verilməsi üçün yuxarıda qeyd olunan sənədlərlə yanaşı, mövcud olduğu təqdirdə dəyişdirilən vəsiqənin surəti də təqdim olunur. Müraciət məktubunda və ya notada yeni vəsiqənin verilməsi ilə bağlı müraciətin səbəbi qeyd olunur. Qeydiyyat vəsiqəsinin etibarlılıq müddətinin bitməsi ilə əlaqədar sənədlər həmin müddətin bitməsinə ən azı 10 iş günü qalmış təqdim edilir. Yeni qeydiyyat vəsiqəsi təhvil alındığı zaman, əvvəlki vəsiqənin əsli mövcud olduğu təqdirdə XİN-ə təhvil verilir. Bu sənədlər XİN-ə rəsmi olaraq təhvil verildikdən sonra qeydiyyat vəsiqəsi 10 iş günü ərzində hazırlanır və qeydiyyat vəsiqəsinin sahibi tərəfindən şəxsən təhvil alınır.

İndiyə qədər akkreditə vəsiqələri XİN-ə qaytarılmadığı təqdirdə, diplomatik nümayəndəliklərin yeni heyət üzvlərinə akkreditə vəsiqələrinin verilməsi üçün müraciətlərə baxılmayıb. Dəyişikliyə əsasən bundan sonra diplomatik nümayəndəliklərdə fəaliyyət müddəti başa çatmış əməkdaşların vəsiqələri XİN-ə qaytarılmadığı təqdirdə, həmin diplomatik nümayəndəliyin yeni əməkdaşlarına müvafiq vəsiqələrin verilməsi üçün müraciətlərə baxılmayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR