Bakı – APA. Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov noyabrın 28-də Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Pedro Aqramunt Font de Moranı və Cozef Debono Qrexi qəbul edib. DİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, nazir mövcud kriminogen durum, müstəqilliyin ilk illərində ölkənin qarşılaşdığımız problemlər, Ermənistanın təcavüzü nəticəsində torpaqların işğalı, cəmiyyətin bütün sahələrində, o cümlədən daxili işlər orqanlarında aparılan islahatlar, cinayətkarlıqla mübarizə və ictimai asayişin qorunması sahəsində qazanılan uğurlar, əməliyyat şəraitinin nəzarətdə olması barədə qonaqları məlumatlandırıb.
Qeyd olunub ki, daxili işlər orqanları əməkdaşlarının peşəkarlığının, dünyagörüşünün artırılması, beynəlxalq təcrübədən bəhrələnməsi istiqamətində görülən işlər məqsədyönlü və sistemli şəkildə həyata keçirilir. Qabaqcıl təcrübənin daha səmərəli tətbiqi məqsədilə DİN əməkdaşları Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatların xətti ilə keçirilən və daxili işlər orqanlarının fəaliyyətinin başlıca istiqamətlərini əhatə edən müxtəlif forum və müşavirələrdə iştirak edirlər. Yalnız insan hüquqları üzrə ölkədə və xarici dövlətlərdə keçirilən tədbirlərdə son 4 ildə 1500-ə yaxın əməkdaş iştirak edib.
R. Usubov polis əməkdaşları tərəfindən insan və vətəndaş hüquq və azadlıqlarının pozulması barədə vətəndaşlardan və QHT-lərdən daxil olan müraciətlərə DİN rəhbərliyinin xüsusi diqqət yetirdiyini nəzərə çatdırıb. Məhz belə və həssas yanaşmanın və operativ münasibətin göstəricisidir ki, təkcə son 5 ildə vətəndaşlarla kobud rəftar, əsassız gətirmə, saxlama, məsuliyyətə cəlb etmə, qanunsuz axtarış aparma, proses iştirakçıları haqqında müxtəlif hüquqpozmalara, bir sözlə, vətəndaş hüquqlarını pozduqlarına görə 1169 əməkdaş cəzalandırılıb, onlardan 86-sı DİN orqanından xaric edilib, 18-i isə cinayət məsuliyyətinə cəlb olunub.
Görüş zamanı Azərbaycanda milli azlıqların hüquqlarının qorunması və korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərə də toxunulub.
Pedro Aqramunt Font de Mora və Cozef Debono Qrex səmimi qəbula görə təşəkkür edərək nazirin kriminogen durum və polisin fəaliyyətinin daha da təkmilləşdirilməsinə, insan hüquq və azadlıqlarının qorunmasına dair verdiyi geniş və ətraflı məlumatın onların bir çox suallarını cavablandırdığını bildiriblər.