Bakı-APA. 15 iyun - Milli Qurtuluş Günü ilə bağlı Azərbaycanın Misirdəki səfirliyinin bəyanatı Misirin kütləvi informasiya vasitələrində işıqlandırılıb.
Azərbaycanın Misirdəki səfirliyindən APA-ya verilən xəbərə görə, bəyanatda 15 iyun tarixinin Azərbaycanda Milli Qurtuluş Günü kimi qeyd edilməsi bildirilərək, 1991-ci ilin 18 oktyabrında Azərbaycanın öz müstəqilliyini yenidən bərpa etdiyi, ancaq müstəqilliyin ilk illərində ölkədə daxili vəziyyət və hakimiyyət böhranının yarandığı barədə məlumatlar verilib.
Həmçinin, bəyanatda 1992-ci il mayın 14-də hakimiyyəti ələ keçirən Xalq Cəbhəsinin ilk gündən özünün qeyri-sağlam fəaliyyəti ilə ölkəni idarə edə bilməyəcəyini göstərməsi, 1993-cü ilin yayında Azərbaycanda vətəndaş müharibəsi təhlükəsinin yaranması qeyd edilib.
Vətənin belə ağır günündə xalq tərəfindən Naxçıvandan Heydər Əliyevin Bakıya dəvət edilməsi və onun xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul etməsi, iyunun 9-da Bakıya gəlməsi bildirilib.
Heydər Əliyevin çox az zamanda Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala bilməsi xüsusi vurğulanaraq, onun 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilməsi, beləliklə, 15 iyunun Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olması və xalqın tələbi ilə Milli Məclisin 1997-ci ilin iyununda bu günü bayram elan etməsi ilə bağlı məlumatlar bəyanatda öz əksini tapıb.