Azərbaycanın təklifi ilə ATƏT regionunda mədəni mülkiyyətin qorunması üçün yeni mexanizm yaradılacaq - VİDEO

Azərbaycanın təklifi ilə ATƏT regionunda mədəni mülkiyyətin qorunması üçün yeni mexanizm yaradılacaq - <span style="color: red;">VİDEO
# 01 iyul 2014 07:15 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. ATƏT Parlament Assambleyasının (PA) Bakıda təşkil olunan 23-cü yay sessiyası çərçivəsində qurumun Demokratiya, İnsan Haqları və Humanitar Məsələlər Komitəsinin növbəti toplantısı keçirilib. APA-nın məlumatına görə, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü, ATƏT PA-nın Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin sədr müavini, Büro üzvü Azay Quliyev “ATƏT regionunla mədəni mülkiyyətin müdafiəsi” barədə qətnamə layihəsi təqdim edib.

Ermənistan nümayəndə heyətinin rəhbəri Artaşes Geqamyan layihəyə bir neçə düzəliş təklifi irəli sürüb. O deyib ki, 1976-cı ildə BMT mədəni mülkiyyətlə bağlı sənəd qəbul edib və qətnamə layihəsinin BMT-nin sənədinə əsaslanması yaxşı olardı. A. Quliyev isə qətnamə layihəsinin mətninin qısa olması üçün bu düzəlişə qarşı çıxıb. Səsvermə nəticəsində A. Geqamyanın təklif etdiyi düzəliş qəbul olunmayıb.

Növbəti dəfə çıxış edən A. Geqamyan qətnamənin mətninin uzun olması fikri ilə razılaşmayıb. O, bu dəfə qətnamə layihəsinin Birinci Beynəlxalq Pakta (insanlar azad iqtisadi, sosial və mədəni inkişaflarını təmin edirlər) əsaslanması barədə ikinci düzəliş təklif edib. 9 lehinə, 23 əleyhinə, 11 bitərəf olmaqla A. Geqamyanın düzəlişi yenə qəbul olunmayıb.

A. Geqamyan iclas iştirakçılarının mexaniki olaraq düzəlişlərin əleyhinə səs verdiyini iddia edib: “Burada mədəni mülkiyyətin qorunması yox, konyuktur səbəblərdən səsvermə gedir”. O, növbəti - üçüncü düzəlişi təklif edib. Bu düzəlişdə mədəni mülkiyyətin məhv edilməsinin bəşəriyyət üçün mənfi nəticələri olduğu qeyd olunub. A. Quliyev isə bildirib ki, iclas iştirakçıları qətnamənin mahiyyətinə bələddirlər. O, öncəki iki düzəlişdən fərqli olaraq A. Geqamyanın bu düzəliş təklifini dəstəkləyib. Düzəliş səsverməyə çıxarılaraq qəbul olunub.

A. Geqamyan qətnamə layihəsinin 13-cü bəndinə də düzəliş təklif edib. Həmin bənddə qeyd edilir ki, beynəlxalq və qeyri-beynəlxalq silahlı münaqişələr, o cümlədən işğal zamanı ölkələr mədəni mülkiyyətləri beynəlxalq hüququn prinsip və müqavilələrinə, o cümlədən UNESCO-nun tövsiyələrinə uyğun qorumalıdır. A. Geqamyan təklif edib ki, ölkələr konkret olaraq öz ərazilərində mədəni mülkiyyətin qorunması fəaliyyətini həyata keçirsinlər. Bu təklifə qarşı çıxan A. Quliyev nəzərə çatdırıb ki, münaqişədən əziyyət çəkən ölkələrlə bağlı bu düzəliş qəbul edilə bilməz: “Çünki ərazisi işğal edilən dövlət işğal altındakı ərazilərdə mədəni mülkiyyəti qoruya bilməz”.

Düzəliş 14 lehinə, 18 əleyhinə, 9 bitərəf olmaqla qəbul edilməyib.

Sonra A. Geqamyanın texniki xarakterli iki düzəlişi qəbul olunub. O, sonda ATƏT regionunda mədəni mülkiyyətin qorunmasına dair yeni mexanizm yaradılması ilə bağlı qətnamə layihəsində yer alan müddəaya qarşı çıxıb. A. Quliyev isə ATƏT regionunda mədəni mülkiyyətin qorunması üçün əlavə mexanizm yaradılmasını zəruri saydıqlarını vurğulayıb. Onun sözlərinə görə, belə mexanizmin yaradılması mədəni mülkiyyətin qorunmasını asanlaşdıracaq. Lakin təklif 11 lehinə, 31 əleyhinə, 6 bitərəf olmaqla rədd edilib.

Sonda qətnamə layihəsi səsverməyə çıxarılıb və qəbul olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR