Azərbaycanın Vyetnamdakı səfiri ölkənin prezidenti ilə görüşüb

Azərbaycanın Vyetnamdakı səfiri ölkənin prezidenti ilə görüşüb
# 12 iyun 2015 13:36 (UTC +04:00)

Bakı-APA. Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov bu ölkənin prezidenti Truong Tan Sangla görüşüb.

Səfirlikdən APA-ya verilən məlumata görə, görüşdə Truong Tan Sangın rəhbərlik etdiyi nümayəndə heyətinin may ayında Azərbaycana rəsmi səfərinin yekunları barədə danışılıb.

Vyetnam prezidenti Heydər Əliyevin Vyetnamın ağır günlərində Sovet İttifaqının rəhbər şəxslərindən biri kimi bu ölkəyə yardım edilməsində müstəsna rolunun olduğunu vurğulayıb. O, ölkəsinin Azərbaycanla qarşılıqlı əlaqələrinin inkişafından məmnunluq ifadə edib, Vyetnamın neft sənayesinin qurulmasında azərbaycanlı mütəxəssislərin müstəsna rolunun olduğunu deyib.

Truong Tan Sang ölkələrimiz arasında ticari-iqtisadi, turizm, humanitar sahələrdə əməkdaşlığın, o cümlədən xalqlar arasında əlaqələrin genişlənməsi üçün Azərbaycanla Vyetnam arasında birbaşa hava əlaqələrinin qurulmasının vacibliyini bildirib, bu məsələdə Azərbaycanın Dövlət Başçısı ilə həmfikir olduğunu vurğulayıb və görüşdə iştirak edən Vyetnam Hava Yolları şirkətinin prezidentinə bu istiqamətdə zəruri işlərin görülməsini tapşırıb.

A.İmanov iki ölkə arasında energetika, kənd təsərrüfatı, turizm, elm və təhsil kimi sahələrdə qarşılıqlı əməkdaşlığın böyük potensialının olduğunu qeyd edib və ölkə başçılarının qarşılıqlı səfərləri zamanı əldə edilmiş razılaşmaların qısa zamanda həyata keçirilməsinin vacibliyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR