Bahar Muradova: "Almaniya və Türkiyənin həmsədrliyə cəlb olunması barədə təklifimiz ATƏT-də müzakirə ediləcək"

Bahar Muradova: "Almaniya və Türkiyənin həmsədrliyə cəlb olunması barədə təklifimiz ATƏT-də müzakirə ediləcək"
# 23 fevral 2015 15:43 (UTC +04:00)


Bakı. Mübariz Aslanov – APA. “Azərbaycanın ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı vasitəçilər qrupuna Almaniya və Türkiyənin də qoşulması, beşliyin (ABŞ, Rusiya, Fransa, Türkiyə və Almaniya), Sədrlər Şurası deyilən bir qurumun yaradılması təklifinə qurumun fəaliyyətdə olan sədri İvitsa Daçiç əvvəlki sədrlərdən fərqli olaraq etiraz etməyib. Əksinə, bunun müzakirə olunacağını deyib”.

Bunu APA-ya açıqlamasında Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri, Milli Məclisin sədr müavini Bahar Muradova deyib.

B. Muradova bildirib ki, Azərbaycanın təklifinə cavab olaraq İ. Daçiç bu məsələnin üzərində iş aparılacağını söyləyib: “Ermənistan tərəfi dərhal etiraz etdi. Lakin buna baxmayaraq, Türkiyə ilə Almaniyanın Minsk Qrupunun həmsədrləri sırasına qatılması məsələsi əvvəlki vaxtlardan fərqli olaraq, bu dəfə ATƏT rəhbərliyi tərəfindən etirazla qarşılanmadı”.

B. Muradovanın sözlərinə görə, Azərbaycanın bu təklifi kifayət qədər əsaslıdır: “Almaniya Avropanın lider ölkəsidir. Bu yaxınlarda Angela Merkelin Avropa İttifaqının Dağlıq Qarabağ münaqişəsinin həllində səylərini artırmasının zəruriliyi barədə fikrini nəzərə alaraq deyə bilərik ki, bu ölkənin iştirakı prosesə ciddi təsir göstərə bilər. Türkiyənin Cənubi Qafqazdakı rolunu, Ermənistanla sərhəd problemini Dağlıq Qarabağ məsələsinin həlli ilə əlaqələndirməsini nəzərə aldıqda bu ölkənin də prosesdə iştirakının çox əhəmiyyətli olduğunu söyləmək olar. Ona görə də biz əsaslandırılmış təklif irəli sürdük və ATƏT rəhbərliyi də əvvəlki dövrlərdən fərqli olaraq, bu təklifin müzakirə olunacağını bildirdi. İndi biz bu təklifin necə həyata keçməyini gözləyirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR