Bu gün BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində ümumi siyasi müzakirələr başlayır

Bu gün BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində ümumi siyasi müzakirələr başlayır
# 28 sentyabr 2015 08:01 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Bu gün BMT mənzil-qərargahında Baş Assambleyanın 70-ci sessiyası çərçivəsində ümumi siyasi müzakirələr başlayacaq. APA-nın məlumatına görə, oktyabrın 3-nə qədər davam edəcək müzakirələrdə 144 dövlət və hökumət başçısının, 46 xarici işlər nazirinin çıxışı gözlənilir.

Müzakirələrin ilk günündə BMT-nin baş katibi Pan Gi Munun və Baş Assambleyanın 70-ci sessiyasının sədri Mogens Lyukketofun çıxışlarından sonra Braziliyanın prezidenti Dilma Russef nitq söyləyəcək. Daha sonra ABŞ prezidenti Barak Obama, Çin Xalq Respublikasının sədri Si Tzinpin, İordaniya Kralı II Abdullahın çıxışları planlaşdırılıb. Siyahıda 6-cı yerdə Rusiya prezidenti Vladimir Putindir. O, sonuncu dəfə Baş Assambleyanın tribunasından 2005-ci ildə çıxış edib. Bundan başqa, ilk gün Belarus, Türkmənistan, Kuba və Argentina prezidentlərinin nitqləri nəzərdə tutulub.

Toplantının 29 sentyabr tarixli gündəliyinə Ukrayna prezidenti Pyotr Poroşenko, Ermənistan və Tacikistan prezidentlərinin çıxışları daxil edilib.

Yunanıstanın baş naziri Aleksis Tsiprasın çıxışı oktyabrın 1-nə nəzərdə tutulub. Həmin gün çıxış edənlər arasında İsrailin baş naziri Benyamin Netanyahu, KXDR-nın rəhbəri Li Su Yen, Suriyanın xarici işlər naziri Valid Muallemin adları da var.

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun da 1-2 oktyabr tarixlərində çıxış edəcəyi gözlənilir.

Hər bir natiq ilk növbədə öz ölkəsini narahat edən məsələlərə toxunacaq. Lakin əsas mövzular Avropada qaçqın böhranı, dünyada artmaqda olan münaqişələr, terror təhdidi, dünyada sülh və təhlükəsizlik məsələləri olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR