Elmar Məmmədyarov BMT baş katibi ilə görüşüb

Elmar Məmmədyarov BMT baş katibi ilə görüşüb
# 02 iyun 2018 10:01 (UTC +04:00)

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorka səfəri çərçivəsində BMT-nin Baş katibi Antonio Quttereslə görüşüb.

XİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, BMT-nin baş katibi naziri Azərbaycan Demokratik Respublikasının 100 illiyi münasibətilə təbrik edib.

Baş katib BMT və Azərbaycan arasında əməkdaşlığı yüksək qiymətləndirib, Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinin icrasına və mədəniyyətlərarası dialoqun təşviqinə verdiyi dəstək və töhfəni, ilk növədə Bakı Prosesi də daxil olmaqla, müvəffəqiyyətlə həyata keçirdiyi təşəbbüsləri xüsusi qeyd edib.

E. Məmmədyarov Azərbaycanın müstəqilliyinin ilk illərində BMT və onun ixtisaslaşmış təşkilatlarının Azərbaycana dəstəyinin, xüsusilə Ermənistanın təcavüzü nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşən vətəndaşların humanitar problemlərinin həll edilməsi məqsədilə göstərdiyi yardımları yüksək qiymətləndirib.

Milli səviyyədə Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi barədə məlumat verən nazir ölkədə həyata keçirilən iqtisadi və sosial təmayüllü islahatlar, qeyri-neft sektorunun inkişafı, Azərbaycanın təşəbbüsü və bilavasitə iştirakı ilə həyata keçirilən irimiqyaslı və trans-regional nəqliyyat və enerji layihələri, o cümlədən Şərq-Qərb, Şimal-Cənub, Cənub-Qərb marşrutları və Cənub Qaz Layihəsi barədə danışdı. O, Azərbaycanın BMT Baş katibinin BMT sisteminin islahatı və BMT-nin münaqişələrin qarşısının alınması və həlli məsələlərində rolunun artırılması istiqamətində səylərini dəstəklədiyini nəzərə çatdıraraq, bütün üzv dövlətlər tərəfindən BMT Nizamnaməsi əsasında üzərlərinə düşən öhdəliklərin yerinə yetirilməsinin vacibliyinə diqqəti çəkib.

Ermənistan-Azərbaycan münaqişəsinə toxunan E. Məmmədyarov Ermənistanın beynəlxalq hüquqa zidd şəkildə Azərbaycana qarşı gücdən istifadə etdiyini və Azərbaycan ərazilərini işğal altında saxlamaqda davam etdiyini xatırladaraq münaqişənin regional sülhə və regionun hərtərəfli inkişafına ciddi təhdid yaratdığını vurğulayıb. O, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin münaqişənin həllinin əsasını təşkil etdiyini deyərək Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və azərbaycanlı məcburi köçkünlərin öz dogma torpaqlarına qayıtmasının təmin edilməsi üçün beynəlxalq səylərin artırılmasının zəruriliyini bildirib. Nazir BMT baş katibinin davamlı əsasda bəyanatlarla çıxış edərək münaqişənin həlli üzrə substantiv danışıqları dəstəkləməsinin yüksək qiymətləndirildiyini qeyd edib.

Görüşdə tərəflər qarşılıqlı maraq doğuran və BMT-nin gündəliyində duran məsələlər barəsində geniş fikir mübadiləsi aparıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR