Romada "Azərbaycan qazının İtaliyaya nəqli: Avropanın enerji təhlükəsizliyinin gələcəyi" adlı beynəlxalq konfrans keçirilib - FOTOSESSİYA

Romada "Azərbaycan qazının İtaliyaya nəqli: Avropanın enerji təhlükəsizliyinin gələcəyi" adlı beynəlxalq konfrans keçirilib  - <span style="color: red;">FOTOSESSİYA
# 28 sentyabr 2013 02:42 (UTC +04:00)

Bakı-APA. İtaliyanın aparıcı tədqiqat qurumlarından biri olan Beynəlxalq Münasibətlər İnstitutunun (BMİ) təşkilatçılığı ilə Romada “Azərbaycan qazının İtaliyaya nəqli: Avropanın enerji təhlükəsizliyinin gələcəyi” adlı beynəlxalq konfrans keçirilib. Azərbaycanın İtaliyadakı səfirliyindən APA-ya verilən məlumata görə, konfransda çıxış edən BMİ-nin prezidenti, səfir Ferdinando Nelli Feroçi rəhbərlik etdiyi qurumun Cənubi Qafqaz regionuna, xüsusən də Azərbaycanın daxili və xarici siyasətinə marağının artdığını bildirib. O, sözügedən konfransı Azərbaycanla bağlı BMİ-nin silsilə tədbirlərinə aid edərək onun gündəliyinin Azərbaycanın enerji siyasətinə həsr olunduğunu qeyd edib.

Sonra İtaliyanın xarici işlər nazirinin müavini xanım Marta Dassu çıxış edib. O, Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın mühüm rolundan, Trans-Adriatik Qaz Kəməri layihəsinin seçilməsinin vacibliyindən və onun gələcək perspektivlərindən danışıb.

Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov isə ölkəmizdə aparılan uğurlu enerji siyasətinin tarixindən, habelə Azərbaycanın bölgədə nəhəng infrastruktur layihələrinin həyata keçirilməsində davam edən səylərindən söz açıb. Azərbaycanın Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu deyən diplomat Trans-Adriatik Qaz Kəməri layihəsinin bu ilin iyun ayında seçilməsini tərəfdaşlıq münasibətlərinin bariz nümunəsi kimi xarakterizə edib.

V.Sadıqov həmçinin bu ilin avqust ayında İtaliyanın baş naziri Enriko Lettanın Azərbaycana rəsmi səfərini xatırladıb və iki ölkə arasındakı münasibətlərin yüksək səviyyədə olması barədə bəyanatın qəbul edildiyini vurğulayıb. Səfir Dağlıq Qarabağ münaqişəsinin regionun hərtərəfli inkişafına mənfi təsir etdiyini də qeyd edib.

Sonra Gürcüstanın İtaliyadakı səfiri Karlo Sixarulidze, Türkiyənin İtaliyadakı səfiri Hakkı Akil, Yunanıstanın İtaliyadakı səfiri Temistoklis Demiris, Albaniyanın İtaliyadakı səfiri Neritan Çeka, Trans-Adriatik qaz kəməri layihəsinin İtaliya üzrə nümayəndəliyinin rəhbəri Campaolo Russo və ABŞ Dövlət Departamentinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsinin ofisinin baş məsləhətçisi Daniel Stayn çıxış edib. Çıxış edənlər enerji qaynaqlarının diversifikasiyası, yeni alternativ mənbələrin dünyanın enerji xəritəsinə təsiri, Avrasiyada enerji əməkdaşlığının yeni imkanları, Cənubi Qaz Dəhlizinin tərkib hissəsi və Trans-Anadolu Qaz Kəmərinin davamı olan Trans-Adriatik Qaz Kəməri layihəsinin perspektivləri, Avropa İttifaqının timsalında yeni bazarların müəyyənləşdirilməsi və digər məsələlər barədə danışıb.

Tədbir zamanı auditoriyanın çoxsaylı sualları cavablandırılıb və mövzu ilə əlaqədar geniş müzakirələr aparılıb. Tədbirdə İtaliyanın akademik, dövlət və işgüzar dairələrinin, mətbuat orqanlarının və Romadakı diplomatik korpusun nümayəndələri iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR