Hindistan Azərbaycanın da qoşulduğu “Şimal-Cənub” dəmir yolu layihəsinin 2016-cı ildə fəaliyyətə başlamasında maraqlıdır

Hindistan Azərbaycanın da qoşulduğu “Şimal-Cənub” dəmir yolu layihəsinin 2016-cı ildə fəaliyyətə başlamasında maraqlıdır
# 18 avqust 2015 10:09 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Hindistan “Şimal-Cənub” dəmir yolu layihəsinin artıq 2016-cı ildə fəaliyyətə başlamasında maraqlıdır. APA-nın məlumatına görə, bu sözləri Hindistanın Rusiyadakı səfiri Pundi Şrinivasan Raqhavan “RIA Novosti”yə açıqlamasında deyib. Onun sözlərinə görə, Hindistan bu layihəni çox vacib hesab edir: “Biz bu layihənin həyata keçirilməsi üzərində aktiv işləyirik. Çünki bu ləngimələri iki dəfə azaldacaq. Hazırda razılaşdırılmalı olan çoxlu detallar var. Rusiya Federal Gömrük Xidmətinin rəisi Andrey Belyaninov yaxın vaxtlarda Hindistan, İran və Azərbaycandan olan həmkarları ilə bu layihə çərçivəsində gömrük xidmətlərinin harmonizasiyasını müzakirə etmək üçün görüşəcəyini bəyan edib. Qeyd edim ki, bu görüş 19-21 avqust tarixlərində Yeni Dehlidə keçiriləcək. Görüşdə 4 deyil, layihənin reallaşmasında rolu olan 8 ölkə iştirak edəcək. Biz bu layihənin 2016-da başlamasını istəyirik”.

Qeyd edək ki, "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi haqqında Razılaşma Rusiya Federasiyası, İran və Hindistan arasında 12 sentyabr 2000-ci ildə Sankt-Peterburq şəhərində bağlanıb. Göstərilən dövlətlərdə daxili prosedurlardan keçdikdən sonra Razılaşma 21 may 2002-ci il tarixdən qüvvəyə minib. 2005-ci ilin sentyabr ayında Azərbaycan “Şimal-Cənub Beynəlxalq nəqliyyat dəhlizi haqqında” Sazişə qoşulub. “Şimal-Cənub” dəmir yolu Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirir. Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq. Həmin dəhliz Avropa-Cənubi Asiya - Yaxın Şərq arasında dəmir yolu daşımalarını, müvafiq olaraq dəmir yolunun istər yerli, istərsə də tranzit daşımalarından əldə etdiyi gəlirləri artırmağa imkan verəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR