Azərbaycan Cənubi Koreyanı “Ekspo” sərgisinin təşkilində Bakının namizədliyini dəstəkləməyə çağırıb

Azərbaycan Cənubi Koreyanı “Ekspo” sərgisinin təşkilində Bakının namizədliyini dəstəkləməyə çağırıb
# 24 yanvar 2018 15:10 (UTC +04:00)

Milli Məclisin sədri Oqtay Əsədov Koreya Milli Assambleyasının Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Li Myonq Sunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Koreya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Xanlar Fətiyev, Koreya Respublikasının ölkəmizdəki səfiri Kum Çang Gyu və digər rəsmi şəxslər iştirak ediblər.

Milli Məclisin sədri deyib ki, Azərbaycan Beynəlxalq Sərgilər Bürosunun Ümumdünya “Ekspo” sərgisinə 2025-ci ildə ev sahibliyi etmək üçün öz namizədliyini irəli sürüb: "Biz bu məsələdə Koreya Respublikası tərəfindən ölkəmizin namizədliyinin dəstəklənməsinə ümid edirik. Siyasi müstəvidə münasibətlərimiz yüksək səviyyədədir, iqtisadi sferada da əlaqələrimiz dərinləşir. Bu gün Koreyanın "Hyundai", "Samsunq", LG kimi şirkətləri ölkəmizdə təqdirəlayiq fəaliyyət göstərirlər. Digər tərəfdən, dinamik inkişaf edən Azərbaycan regional və qlobal layihələrin reallaşmasına öz töhfəsini verir. Bir neçə ay bundan öncə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin rəsmi açılışı bu fikri bir daha təsdiqləyir. Qədim İpək Yolunun dəmir relslər üzərinə keçirilməsi Şərqdən Qərbə və əks istiqamətdə yük daşımalarını iki dəfədən az müddətə icra etməyə imkan verir. Biz Koreyanın da bu layihəyə qoşulmasını tərəflər üçün önəmli hesab edirik. Elm və təhsil sahəsində də münasibətlərimiz dərinləşməkdədir. Koreyanın dəstəyi ilə Azərbaycanda peşə təhsilinin təkmilləşdirilməsi üzrə layihə həyata keçirilir. 80 azərbaycanlı tələbə bu ölkədə təhsil almaqdadır”.

L. M. Su Koreya parlament sədrinin salamlarını O. Əsədova çatdırıb: “Azərbaycanın gücünün gözlə görünən və görünməyən tərəfləri vardır, onun gücü insanlarında və liderindədir. Ölkə başçısının bacarığı və səyi nəticəsində qısa müddət ərzində əldə edilmiş nailiyyətlər göz qabağındadır. Koreya Respublikası Qafqazın bu bölgəsi ilə əlaqələrin inkişafına böyük önəm verir. Biz belə hesab edirik ki, parlamentlər səviyyəsində münasibətlərimizin daha da möhkəmlənməsi həyatın digər sahələrində əməkdaşlığın dərinləşməsinə öz müsbət təsirini göstərəcək”.

Bu gün Milli Məclisin Koreya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri də ölkədə səfərdə olan Koreya Milli Assambleyasının üzvü, Koreya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri L. M. Sunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR