APA-nın “Delfi” agentliyinə istinadən verdiyi xəbərə görə, dövlət başçısı şəxsi telefon danışıqlarının həqiqət olduğunu inkar etməyib, onun fikrincə, bu, Litva diplomatik xidməti üçün dərs olacaq: “Mən bu situasiyanı iki cür qiymətləndirərdim. Bu, ilk növbədə provokasiyadır, çünki ictimaiyyətə açıq olmayan söhbətlər ictimai məkanda ortaya çıxarılıb. Dediyim kimi, bu, AB-də sədrlik edən və “Şərq Tərəfdaşlığı” görüşünü hazırlayan Litvaya qarşı provokasiyadır. Digər tərəfdən, mən bu söhbətləri qeyri-peşəkarlıq və diplomatik xidmətin yetkin olmaması kimi qiymətləndirirəm. Danışıqlarda bu cür məzmun olmasaydı, bu provokasiya da olmazdı. Hesab edirəm ki, bu, bütün diplomatik xidmət üçün yaxşı nümunə olacaq ki, onlar arxayınlaşmasınlar və intizamlı olsunlar”.
Xatırladaq ki, iyulun 8-də “Youtube”da Litvanın Azərbaycandakı səfiri Arturas Jurauskas, Macarıstandakı səfir Renatas Yuşka, Litva XİN-in Şərq tərəfdaşlığı siyasəti departamentinin direktor müavini Zenonas Kumetaytis və XİN-in əməkdaşı Gediminas Kasputisin telefon danışıqları yerləşdirilib. Söhbətlərin birində A. Jurauskas litvalı sahibkar Kyastutuslə danışır. Saytda söhbətlər ingiliscə titrlə verilib. İki lent yazısında Azərbaycan və Ermənistan arasındakı münasibətlər müzakirə olunur və litvalı diplomatlar Dağlıq Qarabağ münaqişəsinə dair ermənipərəst mövqe ifadə edir.
Litva XİN avqustun 2-də Azərbaycandakı səfir A. Jurauskasın istefası haqda xəbərləri təsdiqləyib.
Qeyd edək ki, Litva XİN və Azərbaycanın bu ölkədəki səfiri Həsən Məmmədzadə insidenti provokasiya kimi qiymətləndiriblər.