Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev İtaliya Respublikasının prezidenti Sercio Mattarellanı İtaliyanın Respublika günü münasibətilə təbrik edib.
APA-nın Azərtac-a istinadən xəbərinə görə, təbrikdə bildirilir: “İtaliyanın milli bayramı – Respublika günü münasibətilə Sizi və xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Azərbaycanla İtaliya arasında möhkəm dostluq münasibətləri mövcuddur. Ümidvaram ki, daim genişlənən siyasi, iqtisadi və mədəni əlaqələrimiz, ikitərəfli və çoxtərəfli qaydada səmərəli əməkdaşlığımız bundan sonra da ölkələrimizin çiçəklənməsinə, xalqlarımızın rifahına töhfələr verəcək.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost İtaliya xalqına daim sülh və firavanlıq diləyirəm”.