Tiflisdə Azərbaycan Demokratik Respublikasının 95-ci ildönümü münasibətilə rəsmi qəbul keçirilib - FOTOSESSİYA

Tiflisdə Azərbaycan Demokratik Respublikasının 95-ci ildönümü münasibətilə rəsmi qəbul keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 06 iyun 2013 07:22 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. Gürcüstan paytaxtında Azərbaycanın Gürcüstandakı səfirliyi tərəfindən Azərbaycan Demokratik Respublikasının (ADR) yaranmasının 95-ci ildönümü münasibətilə rəsmi qəbul keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Azərbaycan və Gürcüstan dövlətlərinin himnlərinin səsləndirilməsi ilə başlanan tədbirdə Gürcüstan parlamentinin sədri David Usupaşvili, Gürcüstan reinteqrasiya məsələləri üzrə dövlət naziri Paata Zakareişvili və digər nazirlər, Gürcüstan parlamentinin komitə sədrləri, deputatları, Türkiyənin Gürcüstandakı səfiri, diplomatik korpus nümayəndələri, bir çox ölkələrin hərbi attaşeləri, Tiflisdə fəaliyyət göstərən universitetlərin rektorları, azərbaycanlı və gürcü ziyalıları, QHT, mətbuat nümayəndələri və s. qonaqlar iştirak ediblər.

Qəbulu Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Azər Hüseyn açaraq, Gürcüstanın Azərbaycan üçün önəmli ölkə olduğunu bildirib: “Azərbaycan dövləti öz müstəqilliyini ilk dəfə Gürcüstan paytaxtında elan edib. İki xalq və iki ölkə eyni müstəqillik yolu keçib. Biz strateji tərəfdaşıq. Hər iki ölkənin ərazi bütövlüyü pozulub. Bizim dostluğumuz yaxşı nümunədir və biz onu nümayiş etdiririk”.

Azərbaycan səfiri A. Hüseyn Gürcüstanın baş naziri Bidzina İvanişvilinin və yeni hakimiyyətin nazirlərinin Azərbaycana səfərini iki ölkə arasında əməkdaşlığın yeni formasının yaranmasına imkan verdiyini bildirib. Səfir Azərbaycanın Gürcüstan bazarında mövqeyinin genişləndiyini və Gürcüstanda 300-ə qədər Azərbaycan şirkətlərinin fəaliyyət göstərdiyini qeyd edib.

Rəsmi qəbulda çıxış edən Gürcüstan xarici işlər nazirinin müavini Tamar Beruçaşvili nazir Maya Pancikidzenin ADR-in 95 illiyi münasibətilə göndərdiyi təbriki tədbir iştirakçılarına çatdırıb. Nazir müavini bu günün Azərbaycan və gürcü xalqları üçün böyük bir gün olduğunu bildirib: “Dövlətçiliyimizin qorunması yolunda uğurlu addımlar atılır. Gürcüstan-Azərbaycan əlaqələri böyük tarixə malikdir və hər iki ölkəni bu tarix birləşdirir. Münasibətlərimiz strateji tərəfdaşlıq istiqamətində inkişaf edir. Biz xarici kurs dəyərlərinə hörmətlə yanaşırıq. Ümidvaram ki, beynəlxalq birlik bizi düzgün başa düşəcək. Azərbaycan Gürcüstan bazarında başlıca tərəfdaşdır. Biz energetika layihələri, dəhliz və Bakı-Tiflis-Qars dəmiryolunun tikintisində, ticarət sahəsində yaxşı əməkdaşlıq edirik, layihələr iki ölkənin çiçəklənməsinə və rifahına xidmət edir.”

Gürcüstan parlamentinin sədri David Usupaşvili jurnalistlərə açıqlamasında Müstəqillik Günü bayramı münasibəti ilə Azərbaycan xalqını iki dəfə təbrik etdiyini bildirib: “Biz həmişə çiçəklənən Azərbaycanın inkişafına şad olduğumuzu bildiririk. İki mehriban ölkə həmişə bir addımlamasa, bir-birinə kömək etməsə heç nə alınmaz. Biz bunu yaxşı başa düşürük. Mən çox şadam ki, Gürcüstanın yeni hakimiyyəti Azərbaycan rəhbərliyi ilə qısa müddətdə ümumi dil tapdı və düşünürəm ki, bizim xalqlar arasında hər şey yaxşı olacaq və yenə də bu günü ürəkdən təbrik edirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR