Xələf Xələfov: "Rusiya yaxın günlərdə Xəzərin hüquqi statusu haqqında Konvensiyanın ratifikasiyasına başlayacaq"

Xələf Xələfov: "Rusiya yaxın günlərdə Xəzərin hüquqi statusu haqqında Konvensiyanın ratifikasiyasına başlayacaq"
# 19 sentyabr 2019 09:36 (UTC +04:00)

Rusiya tərəfi yaxın günlərdə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın ratifikasiyasına başlayacaq.

Bunu "APA-Economics"ə Azərbaycanın Xarici İşlər nazirinin müavini, Azərbaycan Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfov deyib.

Onun sözlərinə görə, sənəd Rusiya Dövlət Dumasında və Federasiya Şurasında  baxılacaq.

"Ümid edirəm, Rusiyada siyasi iradə göstərib, bu Konvensiyanı payızda ratifikasiya etsin. Qalır İran tərəfi ki, onlarla da bu prosesə başlanılıb. İnanıram ki, İran tərəfi də bu Konvensiyanı tezliklə ratifikasiya edəcək", - deyə X. Xələfov qeyd edib.

O həmçinin əlavə edib ki, bir çox vacib vəzifələr var ki, onların üzərində işlər aparılır.

"Bildiyiniz kimi, daimi fəaliyyət göstərən yüksək səviyyəli işçi qrupu var. Orada prezidentlərin nümayəndələri təmsil olunub. Sözügedən işçi qrupu bu işləri davam etdirir – həm əməkdaşlıq, həm də müxtəlif sahələrdə sazişlərin razılaşdırılması və imzalanması üzrə. Eyni zamanda, Azərbaycan, o cümlədən digər Xəzəryanı ölkələr üçün vacib olan – Xəzərin ekoloji məsələləri üzrə də tədbirlər davam etdirilir, və mən inanıram ki, bugünkü situasiya Xəzər dənizində tam sabitlik, inkişaf və qarşılıqlı etimad mühitinin olduğunu göstərir", - deyə X. Xələfov qeyd edib.

Nazir müavini onu da bildirib ki, işçi qrupunun növbəti görüşü yaxın iki ay ərzində Moskvada keçiriləcək. İran tərəfi öz üzərinə düşən məsələləri həll etdikdən sonra görüşün digəri də İranda keçiriləcək.

Qeyd edək ki, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya 2018-ci il 12 avqustda Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan arasında imzalanıb. Konvensiya tərəflərə resursları bölüşdürmək üçün yol xəritəsi müəyyənləşdirmək imkanı verir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR